Azərbaycanın xarici siyasət gündəmində mühüm yer tutan ikitərəfli münasibətlər və regional məsələlərin müzakirəsi istiqamətində növbəti yüksək səviyyəli təmas baş tutur. Bu çərçivədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-da Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığın cari vəziyyəti, perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsinin aparılması gözlənilir.
Bu barədə politoloq Tofiq Abbasov 1xeber.media-ya açıqlamasında deyib ki, Rusiya ilə münasibətlərimiz artıq bir neçə müstəvidə inkişaf edir:
“Yəni münasibətlərimizdə qarşılıqlı gözləntilərimiz var. Bu da ondan irəli gəlir ki, hər şeydən əvvəl qonşu ölkələrik. Digər tərəfdən, hər iki ölkənin gündəmində çoxsaylı aktual məsələlər var. Bu həm Xəzər bölgəsi ilə, həm sərhəd məsələləri ilə, həm də ticarət əlaqələrimizlə bağlıdır. Bundan əlavə, Avrasiya məkanına aid problemlər də gündəmdədir. Yəni bir çox məsələlərdə həqiqətən də eyni mövqedən çıxış edirik. Nəzərə alsaq ki, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və 2022-ci ilin fevralında bu barədə Birgə Bəyannamə imzalanıb, bu əməkdaşlığın əhəmiyyəti daha da aydın görünür. Bəli, bu bir həqiqətdir ki, qonşular arasında bəzən narazılıqlar, fikir ayrılıqları, ziddiyyətlər və müəyyən çatışmazlıqlar olur. Bunlar beynəlxalq münasibətlərdə normal qəbul olunan hallardır. Amma buna baxmayaraq, belə problemlər adətən epizodik xarakter daşıyır. Düzdür, bəzi hallarda prinsipial yanaşmalar ciddi narazılıqlara səbəb ola bilir. Lakin söhbət qonşuluq münasibətlərindən və strateji tərəfdaşlıqdan gedirsə, hər iki tərəf çalışır ki, həmin problemlərin həlli üçün münasib şərait formalaşdırsın və çıxış yolları tapsın”.
O qeyd edib ki, yaxın vaxtlarda təyyarə qəzası ilə bağlı yaranmış böhran bunun bariz nümunəsi oldu:
“Bu, kifayət qədər çətin məsələ idi. Rusiya əvvəlcə məsuliyyətdən yayınmağa, günahı üzərindən atmağa çalışırdı. Amma Azərbaycanın prinsipial və qətiyyətli mövqeyi göstərdi ki, biz geri çəkilməyəcəyik. Çünki zərərçəkən tərəf məhz Azərbaycan idi. Bir tərəfdən təyyarəmiz qəzaya uğramışdı, vətəndaşlarımız həlak olmuşdu, digər tərəfdən isə Rusiyanın da vətəndaşları həmin hadisədə həyatını itirmişdi. Bu hadisə əslində iki ölkə arasındakı münasibətlərin dərinliyini sınaqdan keçirən mühüm bir test oldu. Nəticədə Rusiya tərəfi öz məsuliyyətini qəbul etdi, rəsmi şəkildə üzr istədi və təzminat ödənildi. Bu yaxınlarda da Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi bildirdi ki, təyyarə qəzası ilə bağlı bütün anlaşılmaz məqamlar aradan qaldırılıb və tərəflər konsensusa gəliblər. Ceyhun Bayramovun səfəri ilk növbədə, münasibətlərdə vaxtaşırı baş verən dəyişikliklərlə əlaqədardır. İkitərəfli münasibətlərə bəzən kənar təsirlər də olur və bu təsirlər müəyyən nəticələr doğurur. Həmin məsələlərin müzakirəsi, onlarla bağlı ortaq qərarların qəbul edilməsi və çıxış yollarının müəyyənləşdirilməsi üçün qarşılıqlı məsləhətləşmələrə ehtiyac yaranır. Bu tamamilə normal haldır. Əgər münasibətlərimiz çoxsaylı sahələri əhatə edirsə, deməli, ortaq gözləntilərimiz, prioritetlərimiz və maraqlarımız da var. Təbii ki, bunlarla bağlı razılaşdırma və əlaqələndirmə işi aparılmalıdır”.
Hesab edirəm ki, hazırkı mərhələdə Bakı ilə Moskva arasında siyasi dialoq normal məcrada davam edir:
“Digər tərəfdən, görürük ki, bəzi qüvvələr, o cümlədən Avropada və Amerikada müəyyən dairələr Azərbaycanla Rusiya arasında münasibətlərə xələl gətirməyə, tərəflər arasında soyuqluq yaratmağa çalışırlar. Lakin bu cəhdlər nəticəsiz qalır. Çünki Azərbaycan diplomatiyası öz milli maraqlarını yaxşı bilir. Qarşı tərəfləri, eləcə də bütün qonşularını kifayət qədər yaxşı tanıyır. Belə şəraitdə kənar müdaxilələr yersiz görünür. Bəzi hallarda gənc və təcrübəsiz diplomatiyalar xarici təsirlərə daha tez məruz qalırlar, hansısa qüvvənin himayəsinə sığınmağı üstün tuturlar. Amma Azərbaycan diplomatiyasında belə bir zəiflik yoxdur. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində Azərbaycan diplomatiyası ardıcıl, prinsipial və vahid mövqe nümayiş etdirir. Bizim əsas istəyimiz odur ki, fəaliyyətimizə mane olunmasın. Maneələr yaradılsa belə, məqsədlərimizə nail olacağıq. Bu baxımdan Bakı Moskvanı eşidə bilir, Moskva da Bakını eşidə bilir. Bu prinsip mövcud olduğu müddətdə effektiv və uğurlu siyasət həyata keçirmək mümkündür. Nəticədə bundan hər iki xalq faydalanır”.
Politoloq sonda qeyd edib ki, bəzi məsələlər diplomatik kanallarla müzakirə olunur və tərəflər onları məhz həmin formatda bir-birinə çatdırırlar:
“Geniş ictimaiyyətin bütün bu proseslər barədə məlumatlı olmaması tamamilə təbiidir və belə də olmalıdır. Çünki bütün incəliklər və detallar ictimaiyyətə açıqlanmamalıdır. Vaxt keçdikcə bir çox həqiqətlər üzə çıxır və bu da normal prosesdir. Əks halda, məsələlərin vaxtından əvvəl ictimailəşdirilməsi müxtəlif şayiələrin yayılmasına səbəb olur. Bununla yanaşı, əsassız şərhlər səsləndirilir, hətta bəzi ekspertlər də kifayət qədər əsaslandırılmamış mövqelərlə çıxış edirlər. Halbuki ilk növbədə mürəkkəb və həssas məsələlər üzrə mövqelər diplomatlar arasında müzakirə edilməli, tərəflər öz baxışlarını bir-birlərinə diplomatik yollarla çatdırmalıdırlar. Məhz belə olduqda qarşılıqlı şəkildə düşünülmüş mövqe formalaşır, ortaq platforma yaranır və bu platforma üzərində daha səmərəli nəticələr əldə edilir. Həmin nəticələr isə zaman keçdikcə milli maraqların reallaşdırılması üçün əlverişli şərait yaradır. Odur ki, bu cür görüşlərin həm siyasi əhəmiyyəti, həm də praktik mahiyyəti var. Əldə olunan nəticələr əsasında münasibətləri daha da inkişaf etdirmək lazımdır”.
Aysel
1xeber.media