Quba rayonunda hamilə qadının ölümü ilə nəticələnən hadisə baş verib. Rayonun İqriq kənd sakini, 23 yaşlı, 5 aylıq hamilə Səbinə Feyzulla qızı Əmrahova Quba Rayon Mərkəzi Xəstəxanasında vəfat edib. İddialara görə, gənc qadına antibiotik iynəsi vurulduqdan sonra onun vəziyyəti qəfil ağırlaşıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Bildirilib ki, Səbinə Əmrahovanın bir övladı qalıb.
Hadisə ilə bağlı tanınmış ginekoloq Rəşad Sultan 1xeber.media-ya deyib ki, ola bilsin ki, xəstə ümumiyyətlə həmin iynədən ölməyib:
“Yaxud da dərmanın orqanizmə necə təsir göstərdiyini araşdırmadan nəticə çıxarmaq mümkün deyil. Bir iynədən insan niyə ölsün? Əgər ölüm həqiqətən antibiotik iynəsi ilə əlaqəlidirsə, ilk növbədə ağla allergik reaksiya və ya anafilaktik şok ehtimalı gəlir. Mən burada diqqəti başqa bir məqama yönəltmək istəyirəm. Həkimlik peşəsinin hələ Hippokrat dövründən gələn əsas prinsiplərindən biri var. Buna bəzən həkimliyin əsas bəyannaməsi də deyirlər. Həmin prinsip belədir ki, "Öncə zərər vermə" (Primum non nocere). Bu prinsipin müasir izahı ondan ibarətdir ki, xəstəyə istər müayinə, istər diaqnostik prosedur, istər dərman preparatı – tablet və ya iynə, istərsə də cərrahi müdaxilə tətbiq edilirsə, bunun mütləq tibbi göstərişi olmalıdır. Xüsusilə söhbət antibiotik müalicəsindən gedirsə, bu məsələyə daha həssas yanaşmaq lazımdır”.
O qeyd edib ki, bu gün bütün dünyada lüzumsuz antibiotik istifadəsinə qarşı elmi kampaniya aparılır:
“Çünki bunun ciddi fəsadları var. Söhbət yalnız dərmanın yan təsirlərindən və ya mümkün anafilaktik reaksiyalardan getmir. Ən ciddi problemlərdən biri də antibiotiklərə qarşı mikrob davamlılığının yaranmasıdır. Hamiləlik fizioloji və təbii proses olsa da, eyni zamanda riskli dövrdür. Buna görə də hamilələrə münasibətdə daha ehtiyatlı olmaq lazımdır. Təəssüf ki, bu gün istər mama-ginekoloqlar, istərsə də digər ixtisas həkimləri tərəfindən bəzən lüzumsuz müalicələrin, xüsusilə də lüzumsuz antibiotik təyinatlarının şahidi oluruq. Bəzən temperaturun cüzi yüksəlməsi, qanda leykositlərin və ya eritrositlərin çökmə sürətinin bir qədər artması infeksiya kimi qiymətləndirilir və dərhal antibiotik yazılır. Halbuki bu, hər zaman düzgün yanaşma deyil. Eyni zamanda hamilələrə ehtiyac olmadığı halda müxtəlif müayinələrin təyin edilməsi halları ilə də tez-tez rastlaşırıq. Mən həmin bədbəxt hadisədən çıxış edərək məhz bu məqama diqqət çəkmək istəyirəm. Sidik analizində hansısa mikrobun aşkarlanması, qanda leykositlərin artması və ya digər analiz nəticələrinə əsaslanaraq dərhal antibiotik təyin edilməsindən mümkün qədər çəkinmək lazımdır. Hər bir qərarın tibbi əsaslandırması olmalıdır. Hamiləliklə məşğul olan həkim kimi bu cür hallarla tez-tez qarşılaşırıq və bunu xüsusi vurğulamaq istəyirəm. Amma konkret baş vermiş hadisə ilə bağlı hər hansı şərh verməkdən çəkinirəm. Hadisənin səbəbləri tam araşdırılmadan fikir bildirmək nə doğru olar, nə də buna ixtiyarımız var”.
Aysel
1xeber.media