Azərbaycan milli mətbuatının 151 illiyinə həsr olunmuş "Dini mövzuların mediada təqdimatı: Dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda konfransda "Rəqəmsal media və dini diskurs: İnformasiya manipulyasiyası və dezinformasiya" adlı panel sessiya keçirilib.
1xeber.media xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə baş tutan sessiyada Azərbaycan Mətbuat Şurasının sədr müavini, əməkdar jurnalist Səadət Məmmədova, Azərbaycan İlahiyyat İnstitutunun "Dinşünaslıq" kafedrasının müdiri Anar Qafarov, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyeva çıxış ediblər.
Moderator Gündüz İsmayılov deyib ki, Azərbaycanın əsas gücü milli birlik və qarşılıqlı hörmətdir:
"Bu dəyərlərin qorunmasında ziyalıların, media nümayəndələrinin və ictimai rəy formalaşdıran şəxslərin xüsusi məsuliyyəti var. Hər bir jurnalist paylaşdığı məlumat və səsləndirdiyi fikrə görə məsuliyyət daşıyır. Dini mövzular işıqlandırılarkən tərəfsizlik, obyektivlik və peşəkarlıq əsas prinsip olmalı, cəmiyyətə dəqiq, balanslı və etibarlı informasiya təqdim edilməlidir. Bu yanaşma milli birliyin möhkəmlənməsinə və sağlam informasiya mühitinin formalaşmasına mühüm töhfə verəcək".
Mətbuat Şurasının sədr müavini Səadət Məmmədova qeyd edib ki, dini savadlılıq dindar olmaq, hansısa əqidəni və ya təriqəti təbliğ etmək demək deyil:
"Dini savadlılıq dinlərə sosioloji, tarixi və mədəni fenomen kimi yanaşa bilmək bacarığıdır. Əgər bu baxış formalaşarsa, dini mövzuların işıqlandırılması da manipulyasiyadan uzaq olar. Sosial şəbəkələrdə yayılan dini məzmunların təsiri artdıqca, peşəkar medianın üzərinə düşən ictimai məsuliyyət də artır. Dini mövzularda təkcə peşəkarlıq və obyektivlik kifayət etmir, həm də ictimai məsuliyyət hissi vacibdir. Biz hər mövzuda qırmızı xəttin harada olduğunu bilməliyik. Bunun üçünsə dini savadlılıq lazımdır".
O əlavə edib ki, dini mövzular cəmiyyətdə həssas qəbul olunduğundan jurnalistlər çox vaxt cəsarətdən daha çox ehtiyatlı davranmağa üstünlük verirlər:
"Dünya görüşləri, inanclar və dini baxışlar fərqli olduğuna görə sadə bir sual belə bəzən ciddi reaksiyalar doğura bilir. Buna görə də dini mövzuların işıqlandırılmasında ehtiyatkarlıq cəsarətdən önə keçir".
İlahiyyat İnstitutunun "Dinşünaslıq" kafedrasının müdiri Anar Qafarov bildirib ki, qloballaşma və rəqəmsallaşma milli təhlükəsizlik anlayışının məzmununu dəyişdirib:
"Bu gün milli təhlükəsizlik təkcə hərbi güclə ölçülmür. İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və ideoloji təhlükəsizlik onun əsas istiqamətlərindən birinə çevrilib. Bundan əlavə, ideoloji təhlükəsizlik cəmiyyətin mənəvi-intellektual suverenliyinin, tarixi yaddaşının və milli-mədəni kimliyinin qorunmasını nəzərdə tutur".
Onun fikrincə, ideoloji müharibələr görünməz xarakter daşıdığı üçün daha təhlükəlidir:
"Bu müharibələr insanların bədənini deyil, düşüncəsini hədəf alır. Zehindəki anlayışlar manipulyasiya edilir, dini məfhumların mahiyyəti dəyişdirilir və radikal məzmun qazandırılır. Bütün dinləri və məzhəbləri birləşdirən əsas dəyər əxlaqdır və dini mövzuların təqdimatında da məhz bu prinsip əsas götürülməlidir".
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyeva isə bildirib ki, süni intellekt dövründə dini diskursun düzgün qurulması artıq iqtisadi deyil, daha çox sosial və mənəvi məsələdir:
"Rəqəmsal medianın dinə təsiri informasiya texnologiyalarının inkişafı ilə əsaslı şəkildə dəyişib və bu reallıq nəzərə alınmalıdır. Dini mövzuların işıqlandırılmasında media daha məsuliyyətli davranmalıdır. Başlıqlar bəzən cəmiyyətdə yanlış təsəvvür yaradır. Bir xəbərin başlığı hansısa bölgə və ya icma haqqında mənfi rəy formalaşdıra bilər və sonradan bunu aradan qaldırmaq daha çətin olur".
Panel sessiya sual-cavabla davam edib.