“Rusiya Azərbaycanın həm yaxın qonşusudur, həm də ən sıx siyasi, iqtisadi və mədəni əlaqələrə malik olduğu ölkələrdən biridir. Ona görə də Rusiya ilə vaxtaşırı diplomatik ziyarətlərin, qarşılıqlı səfərlərin həyata keçirilməsi normal və gözlənilən haldır. Eyni zamanda nəzərə almaq lazımdır ki, son dövrlərdə, xüsusilə Rusiyadakı mövcud vəziyyətə görə, dövlət başçılarının səfərlərində müəyyən təxirəsalınmalar müşahidə olunur”.
Bunu politoloq Turab Rzayev 1xeber.media-ya açıqlamasında deyib.
O qeyd edək ki, buna görə də dövlətlər arasında təcili məsələlərin əsasən Xarici İşlər nazirlikləri və digər yüksək vəzifəli dövlət rəsmiləri vasitəsilə müzakirə edildiyini düşünmək olar:
“Xüsusilə maraqlıdır ki, hazırda Ukraynada ağır müharibə davam edir. İranda isə müharibə yeni səngimişdi, lakin yenidən gərginləşməyə başlayıb. Hətta nüvə silahından istifadə ehtimalı ilə bağlı bəzi bəyanatlar da səsləndirilir. Belə bir dövrdə Azərbaycanın Rusiya ilə məsləhətləşmələr aparmasına ehtiyac yaranması təbiidir. Rusiyanın Azərbaycana qarşı müəyyən narazılıqları da ola bilər. Xüsusilə Şuşa Forumunda səsləndirilən fikirlər və Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü tanıması buna səbəb kimi göstərilə bilər. Ancaq bu, Azərbaycanın prinsipial mövqeyidir. Azərbaycanın öz əraziləri də işğal altında olub və ölkə bununla heç vaxt barışmayıb. Azərbaycan bu məsələdə əvvəldən etibarən prinsipial mövqeyini qoruyub”.
Onun sözlərinə görə, Rusiya nəzərə almalıdır ki, Azərbaycan 30 il ərzində ərazisinin 20 faizinin işğalı ilə üzləşmiş bir dövlətdir və bu prinsipial mövqeyə hörmətlə yanaşılmalıdır:
“Bu məsələlər də görüşlərin gündəliyində olacaq. Səfər zamanı əsas əməkdaşlıq mövzularından biri yanacaq, enerji məhsulları, nəqliyyat və logistika sahələri olacaq. Çünki Rusiya İran üzərindən Hindistana böyük qaz kəməri çəkməyi planlaşdırır. Söhbət illik ötürmə gücü 50 milyard kubmetrdən artıq olan qaz kəmərindən gedir. Bu layihə də müzakirə olunacaq. Onun nə dərəcədə real olub-olmayacağını isə zaman göstərəcək. Bundan başqa, Rusiyadan başlayaraq Azərbaycan və İran üzərindən Hindistana qədər uzanan Şimal-Cənub nəqliyyat dəhlizi də Rusiya üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan da bu marşrutda maraqlı tərəflərdən biridir. Düşünürəm ki, bu məsələ də müzakirə ediləcək. Həmçinin Rusiyada yaşayan azərbaycanlılara və Azərbaycan iş adamlarına qarşı son dövrlərdə müşahidə olunan təzyiqlərlə bağlı məsələlərin də gündəmə gələcəyi gözlənilir. Bu istiqamətdə hansı addımların atılacağı müzakirə mövzularından biri ola bilər. Bundan əlavə, iki ölkə arasında enerji alqı-satqısı məsələləri də diqqət mərkəzində olacaq. Azərbaycan daxili tələbatın müəyyən hissəsini ödəmək üçün Rusiyadan təbii qaz və neft alır. Bu istiqamətdə də müəyyən razılaşmaların əldə olunacağı istisna edilmir. Sadalanan bütün məsələlər Azərbaycan və Rusiya arasında qarşılıqlı maraq doğuran mövzular kimi kompleks şəkildə müzakirə olunacaq”.
Qeyd edək ki, Azərbaycanın xarici siyasət gündəmində mühüm yer tutan ikitərəfli münasibətlər və regional məsələlərin müzakirəsi istiqamətində növbəti yüksək səviyyəli təmas baş tutur. Bu çərçivədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-da Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb.
Aysel