Bakıda və ətraf qəsəbələrdə mənzil qiymətlərinin yüksək olması bir çox ailəni fərdi ev tikmək üçün torpaq sahəsi almağa yönəldib. Xüsusilə ilk dəfə ev sahibi olmağı planlaşdıran gənc ailələr büdcələrinə uyğun, eyni zamanda hüquqi baxımdan problemsiz torpaq axtarışına üstünlük verirlər. Ancaq münasib qiymətə torpaq tapmaq hər zaman kifayət etmir. Alıcılar üçün ən vacib məsələlərdən biri torpağın çıxarış və digər sənədlərinin qaydasında olması, eləcə də ərazidə qaz, su, işıq, internet, yol və digər kommunal imkanların mövcudluğudur. Bu səbəbdən də paytaxt və ətraf ərazilərdə həm qiyməti əlçatan, həm də yaşayış üçün əlverişli şəraitə malik torpaq sahələrinin daha çox hansı qəsəbələrdə yerləşdiyi maraq doğurur.
Məsələ ilə bağlı daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov 1xeber.media-ya bildirib ki, artıq iki ildir qanunvericilikdə dəyişiklik edilib və istənilən təyinatlı torpaq sahəsində istənilən tikilini inşa etmək mümkün deyil:
“Hətta vətəndaş təyinatına uyğun olmayan torpaq sahəsində ev tikərsə, həmin əraziyə kommunikasiya xətləri çəkilmir. Çünki artıq sənədlərin yoxlanılması qaydası tətbiq olunur və fərdi yaşayış evi tikintisi üçün torpağın təyinatı buna uyğun olmalıdır. Bu istiqamətdə nəzarət mexanizmləri də xeyli gücləndirilib. Torpaq sahələri getdikcə məhdudlaşır, təkliflərin sayı azalır. Torpaq tükənən resursdur və bunu hamımız bilirik. Təklifin azalması fonunda daşınmaz əmlak sektorunda qiymətlər də davamlı olaraq artır”.
O deyib ki, hazırda nisbətən əlçatan qiymətə torpaq tapmaq mümkün olan ərazilər arasında ilk növbədə Abşeron rayonu göstərilə bilər:
“Abşeronun müxtəlif hissələrində uyğun torpaq sahələri mövcuddur. Apardığımız monitorinq və araşdırmalar göstərir ki, çıxarışlı, xüsusi mülkiyyətdə olan, yaşayış məntəqələri təyinatlı və dərhal fərdi ev tikintisi üçün yararlı ən ucuz torpaq sahələri Qobu və Güzdək ərazilərindədir. Hazırda xüsusilə Güzdəkdə daha münasib qiymətlər müşahidə olunur. Burada bir sot torpaq sahəsini təxminən 1000 manata almaq mümkündür. Bundan başqa, Türkan, Hövsan-Türkan istiqamətində də tək-tək münasib qiymətə torpaq sahələri tapmaq olar. Həmçinin Digah-Məhəmmədi ərazisində də nisbətən əlçatan qiymətə torpaqlar mövcuddur. Güzdəkdən sonra digər ərazilərdə çıxarışlı, xüsusi mülkiyyətdə olan və yaşayış məntəqələri təyinatlı torpaq sahələrinin qiyməti təxminən bir sot üçün 4000-5000 manatdan başlayır”.
Aysel