Вернуться назад Распечатать

BDYPİ həftəsonu ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu və yay mövsümü ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.

1xeber.media xəbər verir ki, müraciətdə həftəsonu və yay mövsümü ilə əlaqədar respublikanın avtomobil yollarında, xüsusilə paytaxtdan bölgələrə, turizm və istirahət məkanlarına, eləcə də dənizkənarı istirahət zonalarına aparan istiqamətlərdə nəqliyyat axınının əhəmiyyətli dərəcədə artacağının gözlənildiyi bildirilib. Qeyd olunub ki, hərəkət intensivliyinin yüksəlməsi yol-nəqliyyat hadisələrinin başvermə riskini artırdığından, bütün yol hərəkəti iştirakçıları diqqətli və məsuliyyətli olmalıdırlar.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə hərəkət sürətini yol və hava şəraitinə uyğun seçməyi, uzun məsafəyə yola çıxmazdan əvvəl kifayət qədər dincəlməyi, yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməməyi tövsiyə edib. Eyni zamanda, təhlükəsiz ara məsafəsinin qorunmasının, riskli ötmə və digər təhlükəli manevrlərdən çəkinilməsinin, yol hərəkətinin təşkili vasitələrinin tələblərinə ciddi əməl edilməsinin, eləcə də səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığının yoxlanılmasının vacibliyi vurğulanıb.

Müraciətdə dənizkənarı və digər istirahət məkanlarına üz tutan vətəndaşlardan, eləcə də piyadalardan yolu yalnız müəyyən edilmiş keçidlərdən keçmələri, yolu keçərkən mobil telefon və diqqəti yayındıran digər vasitələrdən istifadə etməmələri xahiş olunub. Bildirilib ki, çimərliklər və istirahət zonalarının ətrafında hərəkətin intensiv olduğunu nəzərə alaraq, həm sürücülər, həm də piyadalar qarşılıqlı diqqət və ehtiyatlılıq nümayiş etdirməlidirlər.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladıb ki, təhlükəsiz istirahətin yolu təhlükəsiz səfərdən başlayır və bütün yol hərəkəti iştirakçılarını həftəsonu səfərləri zamanı yol hərəkəti qaydalarına ciddi riayət etməyə, özlərinin və digər insanların həyatını riskə atmamağa çağırıb. Vurğulanıb ki, hər bir məsuliyyətli davranış təhlükəsiz və xoş istirahətin təminatıdır.