Вернуться назад Распечатать

Kiyevdə Prezident Ofisi qarşısında etiraz aksiyaları üçüncü gündür davam edir

1xeber.media xəbər verir ki, Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin qarşısında keçirilən etiraz aksiyaları üçüncü gününə daxil olub. Aksiya iştirakçıları vəzifəsindən ayrılmış müdafiə naziri Mixail Fedorova dəstək nümayiş etdirir, eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin istefasını tələb edirlər. Bu barədə "Strana.ua" Telegram kanalı məlumat yayıb.

Etirazçılar Prezident Ofisindən təxminən 200 metr aralıda yerləşən İvan Franko meydanına toplaşaraq əllərində karton plakatlarla çıxış ediblər. Onlar Prezident Volodimir Zelenskidən Mixail Fedorovun yenidən vəzifəsinə qaytarılmasını, Aleksandr Sırskinin isə istefaya göndərilməsini tələb ediblər. Aksiya iştirakçıları etirazlarını davam etdirəcəklərini də bildiriblər.

Etiraz zamanı bəzi iştirakçılar "Xalqın xidmətçisi, xalqın qarşısına çıx!" şüarını səsləndiriblər. Bu ifadə Zelenskinin baş rolda çəkildiyi "Xalqın xidmətçisi" serialına istinad kimi qiymətləndirilir.

Xatırladaq ki, bundan əvvəl sosioloq və politoloq Yevgeni Kopatko "Lenta.ru" nəşrinə açıqlamasında Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin baş komandanını vəzifədən azad etməsi ehtimalını dəyərləndirib. Onun sözlərinə görə, bu məsələdə Zelenskinin müstəqil qərarvermə imkanları məhduddur.