1xeber.media xəbər verir ki, Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində ölənlərin sayı artıb. Bu barədə "İnterfaks" ölkə hakimiyyətinin açıqlamasına istinadən məlumat yayıb.
Məlumata görə, Ebola virusu səbəbindən qeydə alınan ölüm hallarının sayı 864 nəfərə çatıb. Epidemiyanın ölkənin şərqində yerləşən İturi, Şimali və Cənubi Kivu, Yuxarı Uele və Çopo əyalətlərində yayıldığı bildirilir.
KDR hakimiyyəti bildirib ki, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə mütəxəssislər epidemioloji nəzarəti gücləndirir, erkən diaqnostika, xəstələrə tibbi yardım və yoluxmuş şəxslərlə təmasda olanların izlənməsi tədbirlərini genişləndirirlər.
"Reaksiya qrupları xəstəliyin yayılmasının qarşısını almaq üçün epidemioloji nəzarəti, erkən diaqnostikanı, xəstələrə qulluq və təmasların izlənməsini genişləndirir", – deyə hakimiyyət nümayəndələri bildirib.
Qeyd: Ebola virusu ağır gedişli infeksion xəstəliklərdən biridir və yoluxma zamanı yüksək hərarət, qanaxma və digər ciddi simptomlara səbəb ola bilər.