Azərbaycanda son beş ildə autizm diaqnozu qoyulan uşaqların sayında əhəmiyyətli artım qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsinin 2021–2025-ci illəri əhatə edən məlumatında bildirilib. Məlumata əsasən, son beş il ərzində ümumilikdə 13 676 nəfərə "uşaq autizmi" diaqnozu qoyulub. Bu göstərici 2021-ci ildə 1 624 nəfər olduğu halda, 2025-ci ildə 3 533 nəfərə yüksəlib. Hesabat dövründə atipik autizm diaqnozu qoyulanların sayı da artıb. Belə ki, bu göstərici 55 nəfərdən 123 nəfərə çatıb.
Bununla bağlı pediatr Elşən Tağıyev 1xeber.media-ya açıqlamasında qeyd edib ki, artımın böyük hissəsi real hallar sayının kəskin çoxalmasından çox, autizmin daha erkən və dəqiq aşkarlanması ilə bağlıdır:
“Valideynlərin maarifləndirilməsi, pediatrların skrininqə diqqətinin artması və ailələrin əvvəlkindən fərqli olaraq artıq mütəxəssisə müraciət etməkdən çəkinməməsi rəqəmlərin yuxarı getməsinə birbaşa təsir edir. Autizm multifaktorial xəstəlikdir və konkret tək səbəb müəyyən edilməyib. Ekoloji vəziyyətin pisləşməsi, qidalanma tərzinin dəyişməsi, genetik amillər və hamiləlik dövründə keçirilən virus infeksiyaları riskə töhfə verə biləcək amillər sırasında qeyd olunur. Bu, dünya elmi ədəbiyyatındakı mövqe ilə də üst-üstə düşür”.
O deyib ki, irsiyyət autizm riskinin böyük hissəsini formalaşdırır, hamiləlik zamanı yaşanan proseslər isə əlavə, nisbətən kiçik təsir göstərir:
“Azərbaycanda son illər autizmin diaqnostikası və reabilitasiyası sahəsində irəliləyiş olsa da, xüsusilə regionlarda uşaq psixiatrı, klinik psixoloq və loqopedlərin çatışmazlığı, terapiyanın baha olması bir çox ailəni vaxtında dəstəkdən məhrum edir. Mütəxəssislər valideynlərin ən çox etdiyi səhv kimi inkişaf gecikməsini "böyüyəndə düzələr" düşüncəsi ilə görməzdən gəlməyi göstərir. Bu, erkən müdaxilə üçün dəyərli vaxtın itirilməsi deməkdir. Rəqəmlərin artması təkbaşına narahatlıq səbəbi deyil. Bu, əslində sistemin uşaqları daha yaxşı görməyə başladığının göstəricisidir. Əsl vəzifə isə diaqnozdan sonra hər ailəyə əlçatan, keyfiyyətli dəstək təmin etməkdir”.
Aysel