Вернуться назад Распечатать

Deputat: İƏT sammitinin Azərbaycanda keçirilməsi ölkəmizin artan regional nüfuzunun göstəricisidir

Deputat: İƏT sammitinin Azərbaycanda keçirilməsi ölkəmizin artan regional nüfuzunun göstəricisidir
2027-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Sammitinin Azərbaycanda keçiriləcək olması ölkənin beynəlxalq nüfuzunun və regional əməkdaşlıq platformalarındakı rolunun növbəti dəfə təsdiqi kimi qiymətləndirilir. Prezident İlham Əliyev bu mötəbər tədbirə ev sahibliyinin Azərbaycan üçün böyük məsuliyyət olduğunu bildirib. Sammit ölkənin iqtisadi, siyasi və diplomatik imkanlarını nümayiş etdirməklə yanaşı, regional əməkdaşlığın genişlənməsi və yeni təşəbbüslərin irəli sürülməsi baxımından da mühüm əhəmiyyət daşıyacaq.
Milli Məclisin deputatı Hikmət Babaoğlu 1xeber.media-ya deyib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti sammitinin 2026-cı ildə Azərbaycanda keçirilməsi, heç şübhəsiz, regional iqtisadi münasibətlər sistemində Azərbaycanın oynadığı yer və rolla bağlıdır:
“Bu gün qlobal kontekstdə Azərbaycan iqtisadiyyatı o qədər də böyük görünməsə də, strateji baxımdan olduqca əhəmiyyətlidir. Eyni zamanda, özündə birləşdirici xüsusiyyətləri ilə böyük potensiala malik iqtisadiyyatdır. Əlbəttə ki, heç bir iqtisadiyyatı kommunikasiyalarsız təsəvvür etmək mümkün deyil. Heç bir iqtisadi münasibəti də qarşılıqlı maraq olmadan təsəvvür etmək mümkün deyil”. 

O qeyd edib ki, 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Azərbaycana gəlməsi həmin dövlətlərin hər birinin Azərbaycanda özünəməxsus marağının olduğundan xəbər verir:
“Bu marağı isə Azərbaycan özü yaradıb. Azərbaycanla iqtisadi əməkdaşlıq təkcə Azərbaycanla əməkdaşlıq demək deyil, bütövlükdə region ölkələri ilə iqtisadi əməkdaşlıq deməkdir. Bu da Azərbaycanın formalaşdırdığı iqtisadi kommunikasiya dəhlizlərinin universal xarakter daşıması və həmin dəhlizlərin bütün iştirakçıların mənafeyi baxımından mühüm əhəmiyyət kəsb etməsi ilə bağlıdır”.

Aysel Elnur