1xeber.media xəbər verir ki, Soçidə pilotsuz uçuş aparatının qalıqlarının düşməsi nəticəsində 7 yaşlı qız xəsarət alıb.
Krasnodar diyarının operativ qərargahının Telegram kanalında yayılan məlumata görə, hadisə Ukrayna Silahlı Qüvvələrinin (USQ) Soçiyə hücumu zamanı baş verib.
"7 yaşlı qız zəruri tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib. Onun həyatı üçün təhlükə yoxdur", – deyə operativ qərargahdan bildirilib.
Məlumata əsasən, pilotsuz uçuş aparatının fraqmentləri Soçinin mərkəzi rayonunda yerləşən məbədin ərazisinə düşüb. Hadisə yerində mütəxəssislər çalışır.
Bundan əvvəl Belqorod vilayətində son sutka ərzində Ukrayna hərbçilərinin hücumları nəticəsində 9 nəfərin öldüyü, daha 77 nəfərin yaralandığı barədə məlumat yayılmışdı.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, iyulun 21-nə keçən gecə ölkə ərazisi üzərində 209 Ukrayna pilotsuz uçuş aparatı məhv edilib. Nazirlik bildirib ki, genişmiqyaslı hücum zamanı Rostov, Ryazan, Kaluqa vilayətləri, Moskva regionu və Krım daxil olmaqla 11 region hədəfə alınıb.
Qeyd: Xəbərdə yer alan məlumatlar Rusiya tərəfinin açıqlamalarına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.