Gənclər arasında psixoloji problemlərin artması son illər cəmiyyətin diqqət mərkəzində olan mühüm sosial məsələlərdən birinə çevrilib. Gündəlik həyatın sürətlənməsi, təhsil və karyera ilə bağlı artan təzyiqlər, sosial şəbəkələrin təsiri, ailədaxili problemlər və gələcəklə bağlı qeyri-müəyyənlik gənclərin psixoloji vəziyyətinə mənfi təsir göstərən əsas amillər sırasındadır. Bu problemlər təkcə emosional gərginliklə məhdudlaşmır, həm də narahatlıq, depressiya, özünəinamın azalması və sosial təcrid kimi halların daha çox müşahidə olunmasına səbəb olur. Psixi sağlamlığın qorunması üçün erkən diaqnostika, maarifləndirmə və peşəkar dəstəyə çıxış imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bəs gənclər arasında psixoloji problemlərin artmasının əsas səbəbləri nələrdir və bu tendensiyanın qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov 1xeber.media-ya açıqlmasında deyib ki, gənclər arasında psixoloji problemlərin artmasının əsas səbəblərindən biri rəqəmsal dünyanın insanların düşüncə və davranış tərzinə ciddi təsir göstərməsidir:
“Sosial media və virtual platformalar gənclərdə reallıqdan uzaq, idealizə olunmuş həyat təsəvvürü formalaşdırır. İnsanlar gündəlik olaraq başqalarının uğurlarını, xoşbəxt anlarını və nümayiş etdirilən dırnaqarası mükəmməl həyatlarını izlədikcə, istər-istəməz öz həyatlarını onlarla müqayisə etməyə başlayırlar. Bu müqayisələr isə özünəinamın azalmasına, dəyərsizlik hissinin yaranmasına, narahatlıq və depressiv əlamətlərin güclənməsinə səbəb olur. Rəqəmsal ünsiyyətin artması canlı münasibətləri zəiflədir. Gənclər hisslərini üz-üzə ifadə etməkdə çətinlik çəkir, emosional yaxınlıq qurmaq bacarıqları zəifləyir. Virtual aləmdə qəbul edilən davranış modelləri real həyata daşındıqda isə empatiya, səbir və qarşılıqlı anlaşma kimi vacib sosial bacarıqlar kölgədə qalır. Nəticədə insanlar özlərini daha çox tənha, anlaşılmamış və emosional cəhətdən təcrid olunmuş hiss edirlər”.
O qeyd edib ki, ailə mühiti də psixi sağlamlığın formalaşmasında həlledici rol oynayır:
“Sağlam ünsiyyətin, emosional dəstəyin və qarşılıqlı etimadın olmadığı ailələrdə böyüyən gənclər problemlərini ifadə etməkdən çəkinirlər. Bir çox hallarda valideynlər övladlarının davranış və emosional dəyişikliklərini görməzdən gəlir, onları "keçici dövr", "ərköyünlük" və ya "xasiyyət" kimi qiymətləndirirlər. Bu yanaşma mövcud psixoloji çətinliklərin vaxtında aşkar edilməsinə mane olur və problemlərin daha da dərinləşməsinə şərait yaradır. Bəzi gənclər daxildə yaşadıqları narahatlıq, travma və ya emosional gərginliyi illərlə büruzə vermədən daşıyırlar. Xaricdən normal görünmələrinə baxmayaraq, daxilən ciddi psixoloji yük altında olurlar. Müəyyən bir stres faktoru ilə qarşılaşdıqda isə bu gizli problemlər kəskin şəkildə üzə çıxa bilir”.
Psixoterapevtin sözlərinə görə, müasir dövrdə gənclərin bir hissəsi öz həyatını qurmaq əvəzinə başqalarının həyatını yaşamağa çalışır:
“Sosial şəbəkələrdə gördükləri uğur hekayələri, həyat tərzi və status simvolları onların öz hədəflərini deyil, başqalarının arzularını mənimsəməsinə səbəb olur. Bunun nəticəsində şəxsiyyətin formalaşması prosesi zəifləyir, insan öz potensialını deyil, cəmiyyətin yaratdığı gözləntiləri həyata keçirməyə çalışır. Gənclərin böyük hissəsi öz potensialına deyil, başqalarının həyatına uyğun yaşamağa çalışır. Ambisiyalar yüksək olsa da, onları reallaşdıracaq psixoloji, sosial və maddi resurslar kifayət etmir. Gözləntilərlə reallıq arasındakı uçurum isə məyusluğu və ümidsizliyi daha da artırır. Ən narahatedici məqamlardan biri isə psixi sağlamlıqla bağlı cəmiyyətdə hələ də davam edən yanlış münasibətdir. İnsanlar psixoloqa və ya psixiatra müraciət etməyi gecikdirir, bəzən isə bundan utanırlar. Valideynlər də çox vaxt problemi qəbul etmək əvəzinə gizlətməyə üstünlük verirlər. Halbuki vaxtında göstərilməyən diqqət və peşəkar dəstək sadə emosional çətinliyi ağır psixoloji pozuntuya çevirə bilər. Psixi sağlamlıq artıq fərdi məsələ deyil, cəmiyyətin gələcəyini müəyyən edən ən ciddi sosial problemlərdən biridir”.
Aysel Elnur