Ukrayna Prezident Ofisinin keçmiş müşaviri Aleksey Arestoviç Ukrayna Silahlı Qüvvələrinin baş komandanının dəyişdirilməsinin Prezident Volodimir Zelenskinin siyasi məsuliyyəti hərbi rəhbərliyin üzərinə yönəltmək planı ilə bağlı olduğunu iddia edib.
1xeber.media xəbər verir ki, Arestoviç bu fikirləri öz Telegram kanalında paylaşıb.
Onun sözlərinə görə, son dörd il ərzində üçüncü baş komandanın təyin edilməsi Zelenski və Prezident Ofisinin rəhbəri Andrey Yermakın 2022-ci ilin fevralından həyata keçirdiyi siyasi məsuliyyəti hərbçilərin üzərinə ötürmək strategiyasının davam etdiyini göstərir.
Arestoviç həmçinin bildirib ki, yeni baş komandan Mixail Drapatı vəzifədən azad edilən Aleksandr Sırskinin yerinə məcburi səfərbərlik, korrupsiya və uğursuz əks-hücumlarla bağlı məsuliyyəti daşıyan əsas fiqur kimi təqdim olunacaq.
Bundan əvvəl Aleksandr Sırski vəzifədən getməsinə münasibət bildirərək fəaliyyətinin əsas nailiyyətləri sırasında pilotsuz sistemlər qoşun növünün yaradılmasını, Silahlı Qüvvələrin korpus strukturuna keçirilməsini və təfərrüatlarını açıqlaya bilmədiyi bir sıra əməliyyatların həyata keçirilməsini qeyd edib.
Qeyd edək ki, Arestoviçin açıqlamaları onun şəxsi mövqeyini əks etdirir və bu iddialarla bağlı rəsmi təsdiq təqdim olunmayıb.