Yol-nəqliyyat hadisəsindən sonra sürücülərin verdiyi qərarlar sonrakı hüquqi prosesə birbaşa təsir edə bilər. Hadisə yerində düzgün davranmamaq, sübutları qoruyub saxlamamaq və qanuni prosedurlara əməl etməmək sürücülərin sonradan hüquqi problemlərlə üzləşməsinə səbəb ola bilər.
Bununla bağlı hüquqşünas Rəhim Xoyski 1xeber.media-ya bildirib ki, yol-nəqliyyat hadisəsi zamanı sürücünün atdığı ilk addımlar həm inzibati, həm də cinayət məsuliyyəti baxımından həlledici rol oynayır:
“Qanunvericilik bu prosesi dəqiq tənzimləyir və qaydaların pozulması sürücünün haqlı olduğu halda belə təqsirli bilinməsinə və ya sığorta ödənişindən məhrum olmasına səbəb ola bilər. Sürücü hadisə yerində dərhal dayanmalı, nəqliyyat vasitəsini və əşyaları yerindən tərpətməməli, qəza nişanlarını quraşdırmalı və polisə məlumat verməlidir. Ən böyük hüquqi səhvlər hadisə yerini tərk etmək və sübutları (izləri) qorumamaqdır. Qanunvericiliyə görə, sürücü nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza işıq siqnalını yandırmalı və qəza dayanma nişanını quraşdırmalıdır. Hadisəyə aidiyyəti olan heç bir əşyanın yeri dəyişdirilməməlidir. Yaralılar varsa, dərhal təcili tibbi yardım çağırılmalı və ilk yardım göstərilməlidir. Təxirəsalınmaz hallarda yaralı səmt üzrə gedən maşınla, lakin bu mümkün olmadıqda isə sürücü öz maşınıyla xəstəxanaya çatdırmalı (orada şəxsiyyətini və maşın sənədlərini təqdim etməklə) və dərhal hadisə yerinə qayıtmalıdır. Sürücü hadisə barədə dərhal polisə (DİN) xəbər verməli və polis əməkdaşlarının gəlməsini gözlənilməlidir. Hadisəni görmüş şəxslərin adları, soyadları və əlaqə nömrələri mütləq yazılmalıdır. Yalnız digər nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda yolun hərəkət hissəsi boşaldıla bilər. Lakin bundan əvvəl şahidlərin iştirakı ilə maşının vəziyyəti, izlər və əşyalar foto/video ilə qeyd olunmalı və ya sxem çəkilməlidir”.
O deyib ki, sürücülərin ən çox yol verdiyi hüquqi səhvlərdən biri, hadisə yerini tərk etməkdir:
“Bu, ən ağır səhvlərdən biridir. İnzibati Xətalar Məcəlləsinə görə bu, cərimə və ya sürücülük hüququnun məhdudlaşdırılmasına, ağır xəsarət və ya ölüm olduqda isə Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Polis gəlmədən maşını tərpətmək hadisənin mexanizmini müəyyən etməyi çətinləşdirir və çox vaxt sığorta şirkətinin ödənişdən imtina etməsi ilə nəticələnir. Sürücülər bəzən xırda qəzalarda öz aralarında razılaşıb, hadisə yerindən gedirlər. Lakin sonradan tərəflərdən biri polisə şikayət edərsə, digər sürücü "hadisə yerindən qaçmış" hesab olunur. İzahat yazarkən hadisənin detallarını (hava şəraiti, yolun vəziyyəti, sürət həddi) dəqiq qeyd etməmək sonradan ekspertiza rəyinə mənfi təsir göstərir. Hüquqların qorunması üçün sürücülərə tövsiyə edirəm ki, hadisə yerini hər tərəfdən (yol nişanları və nişanlanma xətləri görünməklə) foto və video lentə alsınlar. Polis gələnə qədər qarşı tərəflə mübahisəyə girməyin və günahı rəsmiləşdirilməmiş boynunuza almayın. Sığorta şirkətinə qanunla müəyyən edilmiş müddətdə (adətən 3 iş günü) məlumat verin”.
Aysel