Вернуться назад Распечатать

Milli mətbuatımız dövlətçilik tariximizin ayrılmaz tərkib hissəsidir

 

Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr
etdirdiyi “Əkinçi” qəzeti ilə qoyulmuşdur. Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq,
“Əkinçi” milli maarifçilik ideyalarının, ictimai tərəqqinin, milli özünüdərkin və azad düşüncənin
əsas tribunasına çevrildi. Bu qəzet yalnız mətbuat orqanı deyil, milli oyanış hərəkatının ideoloji
platforması idi. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “Əkinçi”dən başlayan yol
Azərbaycan xalqının azadlıq, demokratiya və müstəqillik uğrunda mübarizə tarixinin ayrılmaz
hissəsinə çevrilmişdir. Məhz milli mətbuat xalqın milli kimliyinin qorunmasına, ana dilinin
inkişafına və istiqlal ideyalarının formalaşmasına mühüm töhfə vermişdir. Sonrakı dövrlərdə
“Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Açıq söz” və digər qəzet-
jurnallar milli mətbuat ənənəsini davam etdirərək Azərbaycan ictimai fikrinin inkişafında
əhəmiyyətli rol oynadılar. Bu nəşrlər maarifçilik missiyasını genişləndirərək milli ideologiyanın
və dövlətçilik düşüncəsinin formalaşmasına xidmət etdi. Müstəqillik dövründə Azərbaycan
mediasının inkişafı məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildən
etibarən həyata keçirilən siyasi və hüquqi islahatlar nəticəsində söz və mətbuat azadlığının
təmin olunması istiqamətində mühüm addımlar atıldı. 1998-ci ildə dövlət senzurasının ləğv
edilməsi Azərbaycanın demokratik inkişaf tarixində dönüş nöqtəsi oldu. Bununla yanaşı,
medianın fəaliyyətini tənzimləyən müasir qanunvericilik bazası yaradıldı, qəzetlərin iqtisadi
müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin təmin olunması və medianın
vətəndaş cəmiyyətində rolunun artırılması istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirildi.
Bu siyasət nəticəsində Azərbaycanda plüralist media mühiti formalaşdı, söz azadlığı
konstitusion təminat aldı və milli mətbuat yeni inkişaf mərhələsinə qədəm qoydu. Prezident
cənab İlham Əliyevin rəhbərliyi dövründə milli media dövlət idarəçiliyinin, informasiya
təhlükəsizliyinin və strateji kommunikasiyanın əsas istiqamətlərindən birinə çevrilmişdir. Dövlət
başçısının təşəbbüsü ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi Konsepsiyası” qəbul edilmiş, media sektorunun inkişafı sistemli dövlət
siyasətinin mühüm istiqaməti kimi müəyyənləşdirilmişdir. 2021-ci ildə “Azərbaycan
Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın
imzalanması və MEDİA Agentliyinin yaradılması media sektorunda institusional islahatların
başlanğıcı oldu. Ardınca qəbul edilən “Media haqqında” Qanun isə çap, onlayn və rəqəmsal
medianın fəaliyyətini müasir çağırışlara uyğun hüquqi çərçivəyə saldı. Bu islahatların əsas
məqsədi informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, peşəkar jurnalistikanın inkişaf
etdirilməsi, rəqabət qabiliyyətli milli media mühitinin formalaşdırılması və rəqəmsal
transformasiyanın sürətləndirilməsi olmuşdur. Müasir dövrdə media artıq yalnız informasiya
ötürən platforma deyil, həm də milli təhlükəsizliyin və dövlət kommunikasiya siyasətinin
mühüm elementidir. Süni intellekt, rəqəmsal platformalar, sosial media, sürətli informasiya
axını və qlobal kommunikasiya şəbəkələri medianın fəaliyyət istiqamətlərini köklü şəkildə
dəyişdirib. Bu şəraitdə dezinformasiyaya qarşı mübarizə, media savadlılığının artırılması,
informasiyanın düzgün yoxlanılması və cəmiyyətin operativ məlumatlandırılması milli medianın
əsas vəzifələrindən birinə çevrilmişdir. Məhz bu baxımdan Milli Məclisdə qəbul edilən son
qanunvericilik dəyişiklikləri ilə Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın bazasında
Media və Yayım Şurasının yaradılması nəzərdə tutulur. Yeni model vahid media siyasətinin
həyata keçirilməsinə, informasiya təhlükəsizliyinin gücləndirilməsinə, innovasiyaların tətbiqinə
və medianın iqtisadi dayanıqlığının artırılmasına xidmət edəcək.
44 günlük Vətən müharibəsi Azərbaycan mediasının peşəkarlığını və milli məsuliyyətini
bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan jurnalistləri cəbhə bölgəsindən operativ məlumatlar təqdim etməklə yanaşı,
Ermənistanın dezinformasiya kampaniyalarına qarşı effektiv informasiya mübarizəsi apardılar,
Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasına mühüm töhfə verdilər.
Postmüharibə dövründə də media Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq
işlərini, Böyük Qayıdış proqramını və Azərbaycanın regional sülh gündəliyini beynəlxalq
auditoriyaya çatdırmaq istiqamətində mühüm missiyanı davam etdirir. Bu gün Azərbaycan
mediası artıq yalnız daxili auditoriyaya deyil, qlobal informasiya məkanına hesablanmış
kommunikasiya strategiyasının mühüm iştirakçısına çevrilmişdir. Son illər Prezidentin
təşəbbüsü ilə keçirilən Şuşa Qlobal Media Forumu beynəlxalq media əməkdaşlığının nüfuzlu

platformalarından birinə çevrilmişdir. 2026-cı ildə “Sülhün təşviqində medianın missiyası:
Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal
Media Forumu müxtəlif ölkələrdən media rəhbərlərini, ekspertləri və beynəlxalq təşkilatların
nümayəndələrini bir araya gətirdi. Forum çərçivəsində media etikası, süni intellekt dövründə
jurnalistikanın gələcəyi, dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq, sərhədlərarası media
dialoqu və ictimai etimadın bərpası kimi aktual məsələlər geniş müzakirə olundu. Şuşa artıq
təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq media diplomatiyasının
mühüm mərkəzlərindən biri kimi tanınır. Azərbaycan dövləti milli medianın iqtisadi
dayanıqlığının gücləndirilməsini də prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Media
subyektlərinə tətbiq edilən vergi güzəştləri, jurnalistlərin güzəştli ipoteka imkanlarından istifadə
hüququ, peşə fəaliyyətinə dövlət dəstəyi mexanizmləri və sosial müdafiə tədbirləri bu sahəyə
göstərilən sistemli qayğının göstəricisidir. Eyni zamanda, Prezident cənab İlham Əliyevin
sərəncamları ilə milli mətbuatın 125, 130, 135, 140, 145, 150 illik yubileylərinin dövlət
səviyyəsində qeyd olunması və “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley
medalının təsis edilməsi jurnalist əməyinə verilən yüksək qiymətin təzahürüdür.
Müasir geosiyasi proseslər göstərir ki, informasiya məkanı artıq dövlətlər arasında
rəqabətin əsas platformalarından biridir. Belə şəraitdə Azərbaycan mediasının qarşısında
duran əsas vəzifə yalnız operativ informasiya yaymaq deyil, həm də milli maraqları qorumaq,
cəmiyyətin düzgün məlumatlandırılmasını təmin etmək, saxta xəbərlərə və manipulyativ
informasiya kampaniyalarına qarşı peşəkar mübarizə aparmaqdır. Dövlət başçısının
vurğuladığı kimi, Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli
şüur və vətənpərvərlik prinsiplərinə daim sadiq qalmalıdır. 151 illik inkişaf yolu göstərir ki,
Azərbaycan milli mətbuatı “Əkinçi”dən başlayan maarifçilik missiyasını bu gün rəqəmsal
dövrün yeni reallıqları ilə uğurla uzlaşdırır. Dövlətin həyata keçirdiyi ardıcıl media siyasəti,
qanunvericilik islahatları, rəqəmsallaşma, informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi və
beynəlxalq media əməkdaşlığının genişləndirilməsi milli medianın gələcək inkişafı üçün
möhkəm zəmin yaradır. Bu gün Azərbaycan mediası təkcə xəbərin daşıyıcısı deyil, dövlət
maraqlarının müdafiəsində, milli həmrəyliyin möhkəmləndirilməsində, beynəlxalq informasiya
məkanında ölkəmizin mövqeyinin gücləndirilməsində və ictimai etimadın formalaşdırılmasında
strateji rol oynayan mühüm institut kimi fəaliyyət göstərir. Milli mətbuatımızın keçdiyi zəngin
yol gələcək inkişaf üçün etibarlı təməl olmaqla yanaşı, Azərbaycan dövlətinin müasir
kommunikasiya siyasətinin də mühüm dayaqlarından biri olaraq qalır.
Böyükağa Hüseynov,
“Sabirabad Media Gündəmi”nin rəhbəri