Вернуться назад Распечатать

Almaniya ilə Azərbaycan arasında imzalanmış Birgə Bəyannamə iqtisadi diplomatiyanın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər

 

XXI əsrin geosiyasi reallıqları dövlətlər arasında münasibətlərin yalnız iqtisadi
maraqlarla deyil, həm də qarşılıqlı etimad, siyasi dialoq və uzunmüddətli strateji baxış
üzərində qurulmasını zəruri edir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri və Berlin
şəhərində verdiyi bəyanat iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm
qoyduğunu nümayiş etdirdi. Səfər çərçivəsində aparılan danışıqlar və imzalanan sənədlər
göstərdi ki, Bakı ilə Berlin artıq əməkdaşlığı təkcə iqtisadi maraqlar çərçivəsində deyil, həm də
regional təhlükəsizlik, enerji siyasəti, nəqliyyat-logistika və Avrasiyanın geosiyasi gələcəyi
kontekstində dəyərləndirirlər.
Prezident İlham Əliyevin bəyanatının əsas siyasi mesajı qarşılıqlı etimada söykənən
münasibətlərin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsidir. Azərbaycanın xarici
siyasət kursunda Almaniya Avropa İttifaqının aparıcı dövləti, siyasi və iqtisadi güc mərkəzi kimi
xüsusi əhəmiyyət daşıyır. Almaniya isə Azərbaycanı Cənubi Qafqazın sabitlik yaradan, etibarlı
enerji tərəfdaşı və Avropa ilə Asiya arasında mühüm nəqliyyat qovşağı kimi qiymətləndirir.
Berlin görüşləri zamanı bu yanaşmaların qarşılıqlı şəkildə təsdiqlənməsi münasibətlərin strateji
xarakter aldığını göstərdi.
Səfərin ən mühüm nəticələrindən biri Azərbaycan Respublikası ilə Almaniya Federativ
Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəliyə dair Birgə Bəyannamənin
imzalanması oldu. Bu sənəd münasibətlərin institusional əsaslarını daha da
möhkəmləndirərək enerji, sənaye, investisiya, rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat, elm
və innovasiya kimi istiqamətlər üzrə uzunmüddətli əməkdaşlığın yol xəritəsini formalaşdırdı.
Bununla yanaşı, Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması və fəaliyyəti ilə bağlı
imzalanmış Birgə Bəyannamə iqtisadi diplomatiyanın yeni mərhələsinin başlanğıcı kimi
qiymətləndirilə bilər.
Prezident İlham Əliyevin bəyanatında xüsusi yer tutan məsələlərdən biri Azərbaycanın
Avropanın enerji təhlükəsizliyində oynadığı rol idi. Son illərdə Azərbaycan təbii qaz ixracını
ardıcıl şəkildə genişləndirərək Avropa ölkələrinin etibarlı enerji tərəfdaşına çevrilib. Berlin
danışıqlarında qeyd olunduğu kimi, artıq Almaniya da Azərbaycandan təbii qaz alan ölkələr
sırasındadır. Bu fakt təkcə iqtisadi əməkdaşlığın deyil, həm də siyasi etimadın göstəricisi
hesab olunur. Enerji təhlükəsizliyi bu gün Avropa üçün milli təhlükəsizlik məsələsinə çevrildiyi
şəraitdə Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi daha da güclənir.
Berlin bəyanatının digər mühüm istiqaməti Orta Dəhlizin inkişafı ilə bağlıdır. Müasir
beynəlxalq ticarət marşrutlarının yenidən formalaşdığı bir dövrdə Azərbaycan Şərqlə Qərbi
birləşdirən əsas tranzit ölkələrdən biri kimi çıxış edir. Almaniyanın logistika və sənaye
potensialı ilə Azərbaycanın nəqliyyat infrastrukturu arasında əməkdaşlığın genişləndirilməsi
Avropa–Asiya iqtisadi əlaqələrinin daha səmərəli təşkilinə xidmət edə bilər. Bu isə
Azərbaycanın regional nəqliyyat mərkəzi kimi rolunu daha da gücləndirir.
Səfər zamanı regional təhlükəsizlik və Cənubi Qafqazda sülh prosesinə də geniş diqqət
yetirilmişdir. Almaniya rəhbərliyi Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyində əldə
olunan irəliləyişi müsbət qiymətləndirərək regionda davamlı sülhün bərqərar olunmasına
dəstəyini ifadə etmişdir. Bu mövqe göstərir ki, Berlin Cənubi Qafqazda qarşıdurmadan deyil,
əməkdaşlıq və iqtisadi inteqrasiyadan yana olan siyasi xətti dəstəkləyir. Azərbaycanın
təşəbbüslərinin beynəlxalq səviyyədə anlayışla qarşılanması ölkənin diplomatik mövqeyini
daha da möhkəmləndirir.
Prezident İlham Əliyevin Berlin bəyanatı Azərbaycanın çoxşaxəli xarici siyasət
kursunun növbəti uğurudur. Belə ki, Azərbaycan həm Avropa dövlətləri, həm də digər
beynəlxalq tərəfdaşlarla münasibətlərini milli maraqlar, qarşılıqlı hörmət və bərabərhüquqlu
əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirir. Almaniya ilə münasibətlərin yeni strateji
çərçivəyə keçməsi isə ölkəmizin beynəlxalq nüfuzunun artmasının və etibarlı tərəfdaş imicinin
daha da möhkəmlənməsinin göstəricisidir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və Berlin bəyanatı
Azərbaycan–Almaniya münasibətlərində yeni siyasi mərhələnin əsasını qoydu. İmzalanan
strateji sənədlər, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməsi, regional təhlükəsizlik

məsələlərində ortaq baxışların formalaşması göstərir ki, iki ölkə arasında əlaqələr artıq klassik
diplomatik münasibətlər çərçivəsini aşaraq uzunmüddətli strateji tərəfdaşlıq müstəvisinə
yüksəlir. Məhz buna görə də “Avropaya açılan yeni etimad qapısı” bu səfərin siyasi
mahiyyətini ən dolğun şəkildə ifadə edir. Bu qapı təkcə Almaniyaya deyil, bütövlükdə
Avropaya uzanan etibarlı əməkdaşlığın, qarşılıqlı maraqların və davamlı inkişafın simvoluna
çevrilir.
Heydər Yaqubov,
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru