ABŞ Prezidenti Donald Trampın administrasiyası Malidə fəaliyyət göstərən, “Əl-Qaidə” ilə əlaqəli olduğu bildirilən “İslam və Müsəlmanlara Dəstək Qrupu” (JNIM) silahlı birləşməsinə qarşı hərbi əməliyyat keçirmək imkanını nəzərdən keçirir.
1xeber.media xəbər verir ki, bu barədə The Washington Post hazırkı və keçmiş ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ rəhbərliyində bu məsələyə münasibətdə fikir ayrılığı qalır. Ağ Evin Milli Təhlükəsizlik Şurasının terrorizmlə mübarizə üzrə baş direktoru Sebastian Qorka hərbi əməliyyatın tərəfdarlarından biri hesab olunur.
Pentaqon məsələ ilə bağlı şərh verməkdən imtina edib. Ağ Ev isə Donald Trampın belə bir əməliyyata göstəriş verib-verməyəcəyi barədə məlumat açıqlamayıb. Administrasiya yalnız Vaşinqtonun Afrika ölkələrini terrorizmlə mübarizə səylərini dəstəkləmək üçün ABŞ istehsalı olan avadanlıq və xidmətlərdən istifadə etməyə çağırdığını bildirib.
Bundan əvvəl Pentaqonun İranla gərginliyin artması fonunda yaxın həftələrdə hərbi əməliyyatlar üçün ayrılmış büdcə vəsaitini tükəndirə biləcəyi barədə məlumat yayılmışdı.