Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov Yaltaya pilotsuz uçuş aparatları ilə edilən hücumlar nəticəsində yaranan dağıntıların İkinci Dünya müharibəsi illərindəkindən daha ağır olduğunu iddia edib.
1xeber.media xəbər verir ki, Juravlyov bu barədə Lenta.ru-ya açıqlamasında danışıb.
Bundan əvvəl Rusiya tərəfi Yaltaya pilotsuz uçuş aparatları ilə hücum edildiyini, dronlardan birinin çoxmərtəbəli yaşayış binasına düşdüyünü və nəticədə 17 nəfərin yaralandığını bildirmişdi.
Juravlyovun sözlərinə görə, Ukraynanın PUA hücumlarına qarşı mübarizə yalnız hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi ilə məhdudlaşmamalıdır. O, pilotsuz uçuş aparatlarının istehsalı, təchizatı, saxlanılması və buraxılması ilə bağlı infrastrukturun hədəfə alınmasının vacib olduğunu bildirib.
Qeyd edək ki, xəbərdə yer alan fikirlər Aleksey Juravlyovun açıqlamalarına əsaslanır. Ukrayna tərəfi bu bəyanatlarla bağlı hələlik rəsmi mövqe bildirməyib.