Seneqalda yerləşən və Çəhrayı göl kimi tanınan Retba gölü 2022-ci ildə baş verən daşqından sonra ilk dəfə yenidən öz məşhur çəhrayı rəngini bərpa edib.
1xeber.media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
2022-ci ilin avqustunda baş verən daşqın zamanı daşqın suları gölə yönləndirilmiş, nəticədə gölün ekosistemi ciddi zərər görmüşdü. Şirin su gölə çəhrayı rəng verən Dunaliella salina yosunları da daxil olmaqla bir sıra mikroorqanizmlərin məhvinə səbəb olmuşdu.
Gölün bərpası üçün müxtəlif birliklər təxminən 23 milyon CFA frankı vəsait toplayıb. Bu vəsait hesabına nasoslar icarəyə götürülüb və artıq suyun dənizə axıdılması üçün 600 metrlik boru xətti çəkilib. Daha sonra layihəyə dövlət qurumları da qoşulub.
Görülən işlər nəticəsində göldə duzluluq səviyyəsi tədricən bərpa olunub və çəhrayı rəng yenidən görünməyə başlayıb. İyulun əvvəlində isə daşqından sonra dayandırılmış ənənəvi duz hasilatı mövsümünün rəsmi açılışı keçirilib.
Bundan əvvəl Omanda Ərəb dənizinin sularının al-qırmızı rəngə boyandığı da bildirilmişdi.