Вернуться назад Распечатать

Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində təşəbbüsləri izləyən deyil, onları formalaşdıran ölkələr sırasındadır

 

Beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş olmaq, verdiyi sözə əməl etmək,
regional sabitliyə töhfə vermək və qlobal çağırışlara məsuliyyətlə yanaşmaq müasir dünyanın
ən mühüm siyasi meyarlarına çevrilib. Məhz bu baxımdan Prezident İlham Əliyevin iyulun 21-
də Almaniya Federativ Respublikasına etdiyi rəsmi səfər Azərbaycanın beynəlxalq mövqeyinin
daha da möhkəmləndiyini nümayiş etdirən mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir.
Berlin Azərbaycan Prezidentini yüksək dövlət protokolu və böyük hörmətlə qarşıladı.
Bu, sadəcə diplomatik etiket deyildi. Bu, son illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi
müstəqil və milli maraqlara əsaslanan xarici siyasətə verilən qiymətin ifadəsi idi. Almaniya
Prezidenti Frank-Valter Ştaynmayerlə və Kansler Fridrix Mertslə keçirilən görüşlər, aparılan
müzakirələr göstərdi ki, Azərbaycan artıq Avropa üçün yalnız enerji təchizatçısı deyil, həm də
etibarlı siyasi tərəfdaş, regional sabitliyin təminatçısı və qlobal iqtisadi layihələrin əsas
iştirakçılarından biridir.
Azərbaycan ilə Almaniya arasında münasibətlərin əsası hələ ölkəmizin müstəqilliyinin
ilk illərində qoyulub. Almaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa dövlətlərindən
biri olub və ötən illər ərzində münasibətlər qarşılıqlı hörmət prinsipi əsasında inkişaf edib. Bu
gün Almaniya Azərbaycanın Avropa İttifaqında ən böyük ticarət tərəfdaşlarından biridir.
Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq enerji, sənaye, maşınqayırma, nəqliyyat, logistika,
kənd təsərrüfatı, peşə təhsili, rəqəmsal texnologiyalar və yaşıl enerji kimi çoxşaxəli
istiqamətləri əhatə edir.
Hazırda Azərbaycanda yüzlərlə alman şirkəti fəaliyyət göstərir. Almaniyanın qabaqcıl
texnologiyaları və sənaye təcrübəsi Azərbaycanın iqtisadi inkişafına töhfə verir. Eyni
zamanda, Azərbaycan Almaniyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol
oynayır. Rusiya–Ukrayna müharibəsindən sonra Avropada yaranmış enerji böhranı fonunda
Azərbaycanın etibarlı qaz təchizatçısı kimi əhəmiyyəti daha da artdı. Bu gün Azərbaycan təbii
qazı Avropanın bir çox ölkələrinə, o cümlədən Almaniyaya çatdırılır. Bu isə ölkəmizin yalnız
enerji ixrac edən dövlət deyil, Avropanın strateji enerji təhlükəsizliyinin ayrılmaz hissəsi
olduğunu təsdiqləyir.
Lakin Azərbaycan–Almaniya münasibətlərini yalnız enerji amili ilə məhdudlaşdırmaq
doğru olmazdı. Son illər tərəflər yaşıl enerji, bərpa olunan mənbələr, hidrogen texnologiyaları,
rəqəmsal transformasiya, sənaye innovasiyaları və nəqliyyat-logistika sahələrində də
əməkdaşlığı genişləndirirlər. Xəzər dənizinin külək enerjisi potensialı və Azərbaycanın yaşıl
enerji ixracı planları Almaniya tərəfindən böyük maraqla qarşılanır. Bu isə münasibətlərin
gələcəyə hesablanmış strateji xarakter daşıdığını göstərir.
Almaniya Azərbaycanın beynəlxalq təşəbbüslərinə də daim diqqətlə yanaşıb. Ölkəmizin
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına – COP29-a ev
sahibliyi etməsi Avropada, o cümlədən Almaniyada yüksək qiymətləndirildi. Almaniya rəsmiləri
bu tədbirin qlobal iqlim gündəliyi baxımından əhəmiyyətini vurğulayaraq Azərbaycanın
təşkilatçılıq imkanlarına inam ifadə etdilər. Bu, ölkəmizin beynəlxalq etimad qazandığının daha
bir nümunəsidir.
İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar fonunda Almaniyanın
Azərbaycanla dialoqu daha da intensivləşib. Berlin Cənubi Qafqazda davamlı sülhün əldə
olunmasının vacibliyini dəfələrlə bəyan edib, Azərbaycan ilə Ermənistan arasında sülh
sazişinin imzalanmasını dəstəklədiyini ifadə edib. Prezident İlham Əliyevin Almaniyaya builki
səfəri zamanı da bu məsələ geniş müzakirə olundu və Almaniya rəhbərliyi regionda sabitliyin
təmin olunması istiqamətində Azərbaycanın rolunu yüksək qiymətləndirdi.
Azərbaycanın beynəlxalq nüfuzu heç də təsadüfi formalaşmayıb. Son iyirmi ildən artıq
dövrdə Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasət nəticəsində ölkəmiz beynəlxalq
təşkilatlarda söz sahibi olan, qlobal təşəbbüslər irəli sürən, enerji və nəqliyyat təhlükəsizliyinin
əsas iştirakçılarından birinə çevrilib. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars
dəmir yolu, Orta Dəhliz kimi layihələr Azərbaycanın Avrasiya məkanında strateji mövqeyini
əhəmiyyətli dərəcədə gücləndirib. Almaniyanın bu layihələrə marağı da məhz onların qlobal
əhəmiyyətindən irəli gəlir.

Prezident İlham Əliyevin bu fikri Azərbaycan–Almaniya münasibətlərinin mahiyyətini
aydın şəkildə ifadə edir: "Azərbaycan ilə Almaniya arasında əlaqələrin inkişafı üçün çox gözəl
imkanlar var. Biz qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərimizi bundan sonra da
uğurla inkişaf etdirəcəyik.”
Bu sitat əslində Azərbaycanın xarici siyasət kursunun əsas fəlsəfəsini ifadə edir.
Ölkəmiz münasibətləri diktə üzərində deyil, dialoq üzərində qurur. Qarşıdurmanı deyil,
əməkdaşlığı təşviq edir. Təzyiq siyasətini deyil, qarşılıqlı maraqları əsas götürür. Məhz buna
görə də bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanla əməkdaşlığı strateji əhəmiyyət
daşıyan istiqamət kimi qiymətləndirirlər.
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri bir daha göstərdi ki, Azərbaycan artıq
beynəlxalq münasibətlər sistemində təşəbbüsləri izləyən deyil, onları formalaşdıran ölkələr
sırasındadır. Bu gün Berlinin Bakıya münasibəti Azərbaycanın əldə etdiyi iqtisadi uğurların,
siyasi sabitliyin, müstəqil xarici siyasətin və etibarlı tərəfdaş imicinin nəticəsidir.
Nərmin Zeynalova,
3 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri