Rusiyanın Ulyanovsk vilayətində yanacaq-energetika kompleksinə aid obyekt pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
1xeber.media xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksey Russkix Telegram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, Novospassk rayonunda yerləşən enerji obyekti pilotsuz uçuş aparatları ilə hədəfə alınıb. Hadisə yerində xüsusi xidmət orqanlarının əməkdaşları işləyir.
Qubernatorun paylaşımından obyekt ərazisində yanğının baş verdiyi anlaşılır. O bildirib ki, yanğının söndürülməsi və vəziyyətlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək və sakinləri sakit olmağa çağırıb.
Xatırladaq ki, bundan əvvəl Rusiya tərəfi Ukrayna Silahlı Qüvvələrinin Sevastopola pilotsuz uçuş aparatları ilə hücum cəhdinin qarşısının alındığını və ən azı dörd PUA-nın vurulduğunu açıqlamışdı.
Qeyd edək ki, məlumat Rusiya rəsmilərinin açıqlamalarına əsaslanır. Ukrayna tərəfi hadisə ilə bağlı hələlik rəsmi mövqe bildirməyib.