Вернуться назад Распечатать

Deputat: Azərbaycan Almaniya üçün etibarlı enerji tərəfdaşı kimi mövqeyini möhkəmləndirir

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına həyata keçirdiyi rəsmi səfər iki ölkə arasında siyasi dialoqun, iqtisadi tərəfdaşlığın və enerji sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı iyulun 20-də axşam saatlarında Almaniyaya yola düşüb. Berlin şəhərində yerləşən Brandenburq "Willy Brandt" Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb və onu Almaniyanın rəsmi şəxsləri qarşılayıblar. Səfər çərçivəsində iyulun 21-də Berlində rəsmi qarşılanma mərasimi təşkil olunub. Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts Prezident İlham Əliyevi rəsmi şəkildə qarşılayıb. Daha sonra hər iki ölkənin nümayəndə heyətləri dövlət başçılarına təqdim edilib. Bu mərasim Azərbaycan və Almaniya arasında yüksək səviyyəli siyasi dialoqun davam etdiyini və ikitərəfli münasibətlərin inkişafına verilən önəmi bir daha nümayiş etdirib.

1xeber.media xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Elman Nəsirov 1xeber.media-ya açıqlamasında qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri həyata keçirilir:
“Bu səfər ikitərəfli və çoxtərəfli münasibətlərimizin inkişafı baxımından yeni imkanlar pəncərəsi açır və əlaqələrimizi keyfiyyətcə yeni mərhələyə yüksəldir. Azərbaycan Prezidenti İlham Əliyevin həm Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə keçirdiyi görüşlər, həm də Almaniya Kansleri Fridrix Mertslə apardığı danışıqlar və müzakirə olunan məsələlər göstərir ki, münasibətlərimizdə həllini gözləyən istənilən məsələ ilə bağlı ortaq məxrəcə gəlmək mümkündür və əməkdaşlığın çox geniş perspektivləri mövcuddur. Xüsusilə də imzalanmış iki sənəd – Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üzrə Strateji Gündəliklə bağlı Birgə Bəyanat və Azərbaycan–Almaniya Biznes Şurasının təsis edilməsi nəticə etibarilə əlaqələrimizin iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat, kommunikasiya, yükdaşımaları, sənaye və digər sahələrdə inkişafı üçün yeni imkanlar yaradır. Xüsusilə də Birgə Biznes Şurasının təsis edilməsi iqtisadi əməkdaşlığın, qarşılıqlı investisiya qoyuluşlarının və investisiya sahəsində əməkdaşlığın inkişafı baxımından böyük potensial formalaşdırır. Həm Azərbaycan Prezidenti, həm də Almaniya Kansleri mətbuata bəyanatlarında qeyd etdilər ki, hər iki dövlət enerji təhlükəsizliyi məsələlərinə xüsusi önəm verir”. 
O bildirib ki, Bu gün Azərbaycan Avropa, o cümlədən Almaniya üçün alternativ enerji mənbələrindən biridir:
“Azərbaycanın neft ixrac etdiyi ölkələr sırasında Almaniya da yer alır və hətta əsas ixrac tərəfdaşları sırasında ilk onluğa daxildir. Almaniya ilə qaz sahəsində əməkdaşlığımızın əsasları bu il qoyulub və 10 il müddətinə müqavilə imzalanıb. Azərbaycan Almaniyaya ildə 1,5 milyard kubmetr qaz ixrac etməyi hədəfləyib və gələcəkdə bu istiqamətdə əməkdaşlığın daha da genişlənəcəyi gözlənilir. Prezidentin mətbuata bəyanatında da qeyd etdiyi kimi, Azərbaycan hazırda 16 dövlətə qaz ixrac edir, onlardan 10-u Avropa İttifaqının üzvüdür. Ümumilikdə isə 14 Avropa ölkəsinə Azərbaycan qazı ixrac olunur. Prezident vurğuladı ki, ölkəmizin illik qaz ixracı 25 milyard kubmetr təşkil edir və bunun yarısı Avropa ölkələrinin payına düşür. Almaniya ilə də bu sahədə əməkdaşlığımızın geniş perspektivləri var. Almaniya Kansleri Fridrix Merts də vurğuladı ki, bugünkü mürəkkəb və siyasi-iqtisadi kataklizmlərlə zəngin dünyada Azərbaycan və Almaniya arasında əlaqələr dinamik şəkildə inkişaf edir. O, həmçinin qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin böyük səyləri nəticəsində Ermənistanla sülh sazişi paraflanıb və Almaniya bu prosesi dəstəkləyir. Doğrudan da Almaniyanın dəstəyinə böyük ehtiyac var. Almaniya Avropa İttifaqının iqtisadi lokomotivi hesab olunur və ümumi daxili məhsulu 5,05 trilyon dollara çatan bu dövlətin regionumuzda iqtisadi baxımdan mühüm təsir imkanları mövcuddur. Bu imkanların daha da genişlənməsi ehtimalı kifayət qədər böyükdür. Söhbət qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərindən gedir. Qaz sahəsində əməkdaşlığa əlavə olaraq qeyd etmək istərdim ki, Almaniyanın illik təbii qaz tələbatı 77–79 milyard kubmetr təşkil edir. Azərbaycan bu tələbatın ödənilməsində öz payını və töhfəsini verir ki, bu da Almaniya üçün əhəmiyyətli amillərdən biridir”.

Deputat diqqətə çatdırıb ki, əməkdaşlığımız sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika və digər sahələrdə də inkişaf edir:
“Münasibətlərimiz təkcə ikitərəfli formatda deyil, həm də Avropa İttifaqı çərçivəsində genişlənir. Prezidentin də qeyd etdiyi kimi, son aylarda Avropa İttifaqının Azərbaycana marağının artdığını müşahidə edirik. Mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, may ayında Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın, iyul ayında isə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfərləri bunu bir daha təsdiqləyir. Bu səfərlər əlaqələrimizin sürətlə inkişaf etdiyini göstərir. Jozep Borellin Avropa İttifaqının xarici siyasətinə rəhbərlik etdiyi dövrdə münasibətlərimiz xeyli pisləşmişdi. Hazırkı mərhələdə isə tamamilə fərqli mənzərə müşahidə olunur və əlaqələrimiz dinamik şəkildə inkişaf edir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri olduqca uğurludur. Səfər ənənəvi əməkdaşlıq istiqamətləri ilə yanaşı, yeni sahələrin inkişafına da təkan verir. Bu sahələr arasında ilk növbədə yaşıl enerji xüsusi yer tutur. Azərbaycanla Almaniya arasında yaşıl enerji sahəsində əməkdaşlığın çox geniş imkanları mövcuddur. Azərbaycan böyük yaşıl enerji potensialına malik dövlətdir. Ölkəmizin quruda 27 giqavat həcmində yaşıl enerji potensialı var. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan yaşıl enerji zonası elan olunub və bu ərazilərdə əlavə 10 giqavatlıq yaşıl enerji potensialı mövcuddur. Azərbaycan 2030-cu ilədək 8 giqavat gücündə yaşıl enerji istehsal etməyi planlaşdırır ki, bu da ilk növbədə Avropa ölkələri, o cümlədən Almaniya ilə əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradır”.

Aysel