Вернуться назад Распечатать

Rəsmi işləməyən pensiyaçılar üçün vacib açıqlama

Azərbaycanda pensiya yaşına çatdıqdan sonra da rəsmi əmək müqaviləsi olmadan çalışmağa davam edənlərin sayı az deyil. Lakin bu şəxslərin adına sosial sığorta haqlarının ödənilməməsi gələcəkdə pensiyalarının yenidən hesablanması və ya əlavə pensiya hüquqlarının yaranması ilə bağlı suallar doğurur.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli 1xeber.media-ya açıqlamasında  deyib ki, Azərbaycanda yaşa görə pensiya təyin edildikdən sonra pensiyanın artırılması, əsasən, iki halda mümkündür: 
“Dövlət tərəfindən aparılan indeksləşdirmə nəticəsində və ya şəxs pensiya aldıqdan sonra rəsmi qaydada işləyərək onun fərdi hesabına əlavə məcburi dövlət sosial sığorta haqları ödənildikdə. Əgər pensiya yaşına çatmış şəxs rəsmi əmək müqaviləsi olmadan işləyirsə və onun adına sosial sığorta haqları ödənilmirsə, bu fəaliyyət pensiya hüquqlarına təsir göstərmir. Belə halda həmin dövr üçün fərdi hesabda pensiya kapitalı artmır və sonradan bu iş fəaliyyəti əsasında pensiyanın yenidən hesablanması və ya artırılması üçün hüquqi əsas yaranmır”.
O bildirib ki, rəsmi işləməyən pensiyaçıların pensiyası dövlət tərəfindən həyata keçirilən illik indeksləşdirmə və qanunvericilikdə nəzərdə tutulan digər ümumi artımlar hesabına artırıla bilər:
“Yəni bu artımlar bütün müvafiq pensiyaçıları əhatə edir və işləyib-işləməməkdən asılı deyil. Nəticə etibarilə, rəsmi əmək münasibətləri olmadan işləyən şəxsin həmin fəaliyyətinə görə pensiyasının artırılması mümkün deyil. Pensiyanın əlavə hesablanması üçün əmək fəaliyyəti qanunvericiliyə uyğun rəsmiləşdirilməli və şəxsin adına məcburi dövlət sosial sığorta haqları ödənilməlidir”.

Aysel