Вернуться назад Распечатать

Sənədsiz ev hər an sökülə bilər – Hüquqşünas vətəndaşlara xəbərdarlıq etdi

Daşınmaz əmlak bazarında bəzi vətəndaşlar qiymətin daha münasib olması səbəbindən sənədsiz evlərə üstünlük verirlər. Lakin belə daşınmaz əmlakın alınması gələcəkdə hüquqi və maliyyə baxımından ciddi problemlərə səbəb ola bilər. Sənədsiz ev almaq vətəndaş üçün hansı hüquqi risklər yaradır? 

Bununla bağlı hüquqşünas Rəhim Xoyski  1xeber.media-ya bildirib ki, sənədsiz evlərin (hüquqi dildə "özbaşına tikinti") alınması vətəndaşlar üçün həm mülkiyyət hüququnun tanınmaması, həm də maliyyə itkiləri baxımından yüksək risklər daşıyır:
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət hüququ yalnız həmin əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan yaranır (Maddə 139.1). Əgər evin "çıxarışı" (kupçası) yoxdursa, o, hüquqi baxımdan mülkiyyət obyekti hesab edilmir. Belə evlərin alqı-satqısı notarial qaydada təsdiq edilə bilməz. Vətəndaşlar arasında bağlanan daxili müqavilələr, "behləşmə" sənədləri və ya sadə yazılı razılaşmalar qanun qarşısında etibarsızdır və mülkiyyət hüququnun keçidini təmin etmir (Maddə 144.1). Vətəndaş üçün yaranan əsas hüquqi risklər barədə danışım. Birincisi, Mülkiyyət hüququnun yaranmamasıdır. Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs həmin tikiliyə mülkiyyət hüququ əldə etmir. O, tikilini sata, bağışlaya, icarəyə verə və ya digər əqdlər bağlaya bilməz. Bu o deməkdir ki, sənədsiz ev alan şəxs faktiki olaraq heç bir hüquqi sənədə sahib olmur”.

O deyib ki, sökülmə təhlükəsi var:
“Şəhərsalma və Tikinti Məcəlləsinin və Mülki Məcəllənin (Maddə 180.3) tələblərinə görə, müvafiq icazə alınmadan, tikinti normaları pozulmaqla və ya buna hüququ olmayan torpaq sahəsində tikilmiş evlər məhkəmə qərarı ilə sökülə bilər. Sökülmə xərcləri isə tikintini aparan və ya onu əldə edən şəxsin üzərinə qoyulur. Kompensasiya hüququnun şübhə altına salınmasıdır. Torpaq sahəsi dövlət ehtiyacları üçün geri alındıqda, yalnız dövlət reyestrində qeydiyyatı olan əmlaklara görə kompensasiya ödənilir. Sənədsiz evlərə görə dövlət tərəfindən kompensasiya ödənilməsi qanunvericilikdə nəzərdə tutulmur, çünki həmin tikili qanuni mülkiyyət sayılmır. Qeydiyyat və kommunal problemlərdir. Sənədsiz evlərdə yaşayış yeri üzrə qeydiyyata düşmək (propiska) mümkün deyil. Həmçinin, gələcəkdə kommunal xidmətlərin (qaz, işıq, su) rəsmiləşdirilməsində ciddi maneələr yarana bilər. Miras və girov imkanlarının olmamasıdır. Belə əmlak rəsmi mülkiyyət olmadığı üçün o, miras kimi ötürülə bilməz və banklarda kredit götürərkən girov qoyula bilməz. Nəticə etibarilə, sənədsiz ev almaq vətəndaşın ödəniş etdiyi vəsaiti tamamilə itirməsi və evin hər an sökülməsi riski ilə üz-üzə qalması deməkdir”.

Aysel