1xeber.media xəbər verir ki,iyulun 22-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar qəbulunu ucqar dağlıq ərazidə yerləşən Gəgiran kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.
Səyyar görüş öncəsi icra başçısı Gəgiran şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün inşa edilən abidəni və şəhid bulağını ziyarət edib, önünə tər güllər düzüb, şəhidlərə olan hörmət və ehtiramlarını ifadə edib.
Görüş zamanı Taleh Qaraşov əvvəlki səyyar qəbulda qaldırılan problemlərin həlli vəziyyəti barədə kənd camaatına məlumat verib. O qeyd edib ki, yerli icra hakimiyyətinin səlahiyyətinə daxil olan bütün müraciətlər artıq öz müsbət həllini tapıb. Digər məsələlərin tənzimlənməsi üçün isə aidiyyəti üzrə yuxarı dövlət qurumlarına rəsmi müraciətlər göndərilib.
Ucqar dağ kəndlərinin sakinlərini dinləyən Taleh Qaraşov vurğulayıb ki, dövlət başçısı cənab İlham Əliyevin tapşırıqları əsasında reallaşan bu cür yerli görüşlər vətəndaşların qayğılarına qarşı həssaslıq nümayiş etdirmək və mövcud problemlərin həllinə bütün resursları cəlb etmək məqsədi daşıyır.
Səmimi dialoq mühitindən və qaldırılan məsələlərə göstərilən diqqətdən razı qalan Gəgiran, Jidi və Diryan kəndlərinin sakinləri rayon rəhbərliyinə öz təşəkkürlərini çatdırıblar. Sakinlər vətəndaş-məmur münasibətlərindəki məmnunluq səviyyəsinin yüksəldiyini xüsusi qeyd edərək, onlara göstərilən bu diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.




