Вернуться назад Распечатать

Tural Sadıqlının separatçı rejimi müdafiə etməsi vətənə xəyanətin bariz nümunəsidir – Deputat

“Berlində Prezidentin köməkçisi Hikmət Hacıyevlə xaricdə yaşayan blogerlərdən biri arasında baş tutan söhbətdə iki mühüm məqam açıq şəkildə diqqət çəkir. Birincisi, Azərbaycan rəsmilərinin açıq dialoqa, demokratik müzakirəyə və polemikaya hazır olması, heç bir məsələnin müzakirəsindən yayınmamasıdır. Hikmət Hacıyevin həmin blogerə yaxınlaşaraq yüksək mədəniyyət nümayiş etdirməsi, onunla əl verib görüşməsi və sakit şəkildə söhbət aparması göstərir ki, Azərbaycan rəsmiləri onları ən sərt tənqid edən şəxslərlə belə açıq müzakirəyə hazırdır. İkinci məqam isə Hikmət Hacıyevin həmin şəxsin təkcə bloger olmadığını, eyni zamanda vətənə xəyanət xarakteri daşıyan mövqe nümayiş etdirdiyini onun üzünə deməsi və bunu faktlarla əsaslandırmağa çalışmasıdır”.
Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə 1xeber.media-ya açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın işğalçılıq siyasəti və işğal olunmuş ərazilərdə yaradılmış separatçı rejimlə üzləşib:
“Bu səbəbdən Azərbaycanın ərazi bütövlüyünün bərpası və separatçılığın aradan qaldırılması uzun illər xalqın əsas ümummilli məsələsi olub. Buna baxmayaraq, xaricdə yaşayan bəzi azərbaycanlı blogerlər ümummilli maraqları deyil, vaxtaşırı erməni millətçilərinin mövqeyinə uyğun çıxışlar ediblər. Onların fəaliyyətində Azərbaycanı gözdən salmağa yönəlmiş iddialar səsləndirmək, ölkə haqqında yalan məlumatlar yaymaq və anti-Azərbaycan dairələrinin, ilk növbədə isə erməni millətçilərinin mövqeyini müdafiə etmək halları müşahidə olunub. Hikmət Hacıyev söhbət zamanı həmin blogerə "Siz separatçı rejimi müdafiə edirdiniz" ittihamını səsləndirdi. Həmin şəxs bunu inkar etməyə çalışsa da, sonradan sosial şəbəkələrdə yayılan videolarda onun 44 günlük Vətən müharibəsi dövründə erməni separatçılarının mövqeyini müdafiə etdiyi ilə bağlı materiallar yenidən gündəmə gəldi. Eyni zamanda bildirilir ki, bu şəxslər Prezident İlham Əliyevin Almaniyaya çoxdan planlaşdırılan səfərini kölgə altına salmağa və Azərbaycan–Almaniya münasibətlərinə xələl gətirməyə çalışıblar. Bu isə erməni millətçi dairələrinin maraqları ilə üst-üstə düşən fəaliyyət kimi qiymətləndirilir”.

O bildirib ki, bu cür fəaliyyət Azərbaycan xalqının maraqlarına deyil, xaricdə Azərbaycanın güclənməsini istəməyən dairələrin mənafeyinə xidmət edir:
“İndiyədək həmin şəxslər maliyyə mənbələrini açıqlamayıblar və bunu edə də bilmirlər. İddia olunur ki, həmin maliyyə mənbələrinin arxasında erməni millətçiləri və anti-Azərbaycan mərkəzləri dayanır. Bu hadisədən sonra onların öz sponsorları qarşısında niyə belə vəziyyətə düşdükləri ilə bağlı hesabat verməli olduqları, bundan sonra isə Azərbaycana qarşı daha aqressiv fəaliyyət göstərəcəkləri barədə öhdəlik götürəcəkləri iddia edilir. Bundan əvvəl də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xarici səfərlərindən biri zamanı ona yaxınlaşan həmin blogerlərdən birinə müraciətlə: "Vaxtilə sən Azərbaycandakı səfirliklərin birindən qadın paltarı geyinərək qaçmışdın", – dediyi bildirilir. Bütün bunların Azərbaycan dövlətinin milli maraqları qoruduğunu, ölkənin müstəqilliyinin, təhlükəsizliyinin və inkişafının təmin olunması istiqamətində fəaliyyət göstərdiyini nümayiş etdirdiyi vurğulanır. Azərbaycanın bu mövqeyi və əldə etdiyi uğurlar bəzi xarici dairələri narahat edir. Həmin dairələrin müxtəlif blogerləri dəstəklədiyi, onlara tapşırıqlar verdiyi iddia olunur. Sonda isə belə qənaət ifadə edilir ki, onların həyata keçirdiyi siyasət uğursuzluğa düçar olur və maliyyələşdirdikləri şəxslərin apardığı təbliğat bir neçə arqumentlə iflasa uğrayır”.

Aysel