Rusiya Müdafiə Nazirliyi iyulun 24-nə keçən gecə Ukraynanın Odessa, İzmail və Nikolayev limanlarına yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları ilə zərbələr endirildiyini açıqlayıb.
1xeber.media xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, Odessa limanında Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulduğu iddia edilən yanacaq-sürtkü materialları anbarları hədəfə alınıb.
Bildirilib ki, İzmail limanında hərbi yüklərin boşaldılması və saxlanılması üçün istifadə olunduğu deyilən liman infrastrukturu, pilotsuz dəniz aparatlarının saxlanıldığı üç anbar, o cümlədən “Magura” tipli pilotsuz katerlərin yerləşdiyi obyekt və hərbi texnikanın olduğu anqar vurulub. Həmçinin pilotsuz sualtı aparatların saxlanılması və suya buraxılması üçün istifadə edilən üzən dokun da zərbə aldığı qeyd olunub.
Nazirliyin məlumatına əsasən, Nikolayev limanında isə hərbi təyinatlı yük daşıdığı iddia edilən və boşaltma işləri aparan quru yük gəmisi hədəfə çevrilib.
Bundan əvvəl Rusiya tərəfi Ukraynanın “Yujnı” limanına da zərbələr endirildiyini, burada Ukrayna ordusu üçün nəzərdə tutulduğu bildirilən yanacaq-sürtkü materiallarının saxlanıldığı infrastrukturun vurulduğunu açıqlamışdı.
Qeyd edək ki, xəbərdə yer alan məlumatlar Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsaslanır. Ukrayna tərəfi hadisə ilə bağlı fərqli məlumatlar təqdim edib və müstəqil mənbələr bu iddiaları tam təsdiqləməyib.