Вернуться назад Распечатать

General PUA-ların Sankt-Peterburqa haradan buraxıla biləcəyini açıqlayıb

İstefada olan rusiyalı general-mayor Vladimir Popov Ukrayna Silahlı Qüvvələrinin Leninqrad vilayəti və Sankt-Peterburqa yönəlmiş pilotsuz uçuş aparatlarının Estoniya ərazisindən buraxılmış ola biləcəyini iddia edib.

1xeber.media xəbər verir ki, Popov bu barədə aif.ru-ya müsahibəsində danışıb.

Onun sözlərinə görə, Estoniyada NATO-nun poliqon və bazaları mövcuddur və ukraynalı hərbçilər burada təlim keçirlər. General bu səbəbdən PUA-ların həmin ərazidən buraxılması ehtimalını istisna etmədiyini bildirib.

Popov həmçinin iddia edib ki, pilotsuz uçuş aparatlarının buraxılması üçün Finlandiya körfəzindəki mülki gəmilərdən, o cümlədən balıqçı və ya gəzinti gəmilərindən də istifadə oluna bilər.

Xatırladaq ki, iyulun 24-nə keçən gecə Leninqrad vilayətinə pilotsuz uçuş aparatları ilə hücum edildiyi bildirilmişdi. Rusiya rəsmilərinin məlumatına görə, hücum nəticəsində üç nəfər xəsarət alıb, Sinyavino qəsəbəsində yerləşən anbarlardan birinə ziyan dəyib.

Qeyd edək ki, xəbərdə yer alan məlumatlar Vladimir Popovun şəxsi ehtimallarına əsaslanır. Bu iddialarla bağlı rəsmi təsdiq təqdim olunmayıb.