Rusiyalı politoloq və ehtiyatda olan polkovnik Andrey Koşkin Rusiyanın Ukrayna limanlarına endirdiyi zərbələrin əsas məqsədinin hərbi logistikanı sıradan çıxarmaq olduğunu bildirib.
1xeber.media xəbər verir ki, Koşkin bu barədə Lenta.ru-ya açıqlamasında danışıb.
Onun sözlərinə görə, zərbələr limanların özünə deyil, Ukrayna Silahlı Qüvvələrinin təminatında istifadə olunduğu iddia edilən anbarlara, pilotsuz uçuş aparatlarının hazırlandığı obyektlərə və logistika mərkəzlərinə yönəldilir.
Ekspert iddia edib ki, bu cür hücumlar limanların mülki məqsədlərlə istifadəsini tam dayandırmır, lakin hərbi təchizat zəncirini zəiflətməyə hesablanıb.
Koşkin hesab edir ki, Ukrayna ordusunun logistika marşrutlarının sıradan çıxarılması cəbhədə Rusiya qüvvələrinin irəliləyişinə təsir göstərə bilər.
Qeyd edək ki, bu fikirlər Andrey Koşkinin şəxsi qiymətləndirməsidir. Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Odessa, İzmail və Nikolayev limanlarına zərbələr endirildiyini açıqlamışdı, Ukrayna tərəfi isə hadisələrlə bağlı fərqli məlumatlar təqdim edib.