“Bıçaqlanmaqla hədələnirəm, amma mən özümü yox, ölkəmi, dövlətimi müdafiə edirəm...”
“Azərbaycanda, Gəncədə və digər yerlərdə bəzi radikal qruplar elə bir vahimə yaradıblar ki, yerli camaat öz milli kimliyini deməyə qorxur...”
“Mən heç bir xalqı təhqir etməmişəm. Sadəcə tarixi həqiqəti demişəm ki, XX əsrin 70-ci illərində İrandakı kürd silahlıları...”
“Mənə zəng edib iddia edirlər ki, guya Naxçıvan da, Təbriz də Kürdüstandır. Nizami Gəncəvini kürd çıxarır, Bakının kürd şəhəri olduğunu sayıqlayırlar...”
“Bir partiya sədri isə zəng edib deyir ki, get polisə müraciət et, özünə mühafizə istə. Ona cavab verdim ki, mən burada öz şəxsi canımı müdafiə etmirəm...”
“Amma sizlər də, Azərbaycanın siyasi dairələri də, özgə vaxtlarda Turandan, türkçülükdən dəm vuran digər fəalları da bu məsələ ilə bağlı öz qəti və açıq mövqelərini bildirməlidirlər…”
Redaksiyadan:
“Materialda adları çəkilən digər şəxslərlə yanaşı, maraqlı dövlət qurumlarının da konstruktiv mövqe, fikir və mülahizələrini təqdim etməyə hazırıq…”
Azərbaycan Respublikasında əsrlər boyu bütün başqa xalqlar kimi, kürd xalqına qarşı sivil, tolerant və multikultural yanaşma mövcud olmuş, kürdlər türklər və digər xalqlarla qaynayıb-qarışaraq dinc yanaşı yaşamışlar. Lakin müasir dövrdə bəzi qlobal güclər və imperialist dairələr regiondakı bu sabitliyi pozmaq, xalqları öz taktiki və strateji planlarına alət etmək məqsədilə separatçı qüvvələri qızışdırmaqla məşğuldurlar...
1xeber.media xəbər verir ki, Xaricdə fəaliyyət göstərən “TBA”(“Təbriz-Bakı-Ankara”) “YouTube” kanalına verdiyi müsahibədən sonra bu çirkin planların hədəflərindən birinə çevrildiyi müşahidə edilən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu türk-islam dünyasına düşmən qlobal güc mərkəzləri tərəfindən xaricdəki radikal kürd dairələrinin saxta tarixi iddialar və terror təhdidləri ilə bağlı Moderator.az-a geniş açıqlama verib. O, Təbriz və Bakının kürd şəhəri elan edilməsi kimi absurd iddiaları pisləyərək, sənədli faktlarla bu cəhdlərin regionda süni düşmənçilik yaratmaq məqsədi daşıdığını vurğulayıb. S.Cəlaloğlu Azərbaycan dövlətinin bu cür separatçı fəaliyyətlərin qarşısını qətiyyətlə alacağına əminliyini ifadə edib.
Bu arada Sərdar Cəlaloğlu, “PKK” və “PJAK” terror təşkilatının simpatizanları tərəfindən hədə-qorxuya da məruz qalıb. Partiya sədri separatçı dairələrin Azərbaycana qarşı irəli sürdükləri absurd tarixi iddialar və gələn terror təhdidləri ilə bağlı Moderator.az-a bunları söyləyib:
“Bıçaqlanmaqla hədələnirəm, amma mən özümü yox, ölkəmi, dövlətimi müdafiə edirəm...”
S.Cəlaloğlu müsahibədən sonra müxtəlif ölkələrdən, o cümlədən Birləşmiş Ərəb Əmirliklərindən, eləcə də bəzi mətbu və elmi dairələrdən (“Diplomat" (“Diplomata Kurdi”) qəzetinin təsisçisi və baş redaktoru Tahir Süleymanov və Qazaxıstandan professor Həsən adlı şəxslərdən) zənglər və hədə mesajları aldığını bildirib:
“Bəli, o müsahibədən sonra mənə qarşı ciddi terror təhdidləri gəlir. Bıçaqlanmaqla, fiziki olaraq məhv edilməklə hədələyirlər. Azərbaycandakı bir partiya sədri isə zəng edib deyir ki, get polisə müraciət et, özünə mühafizə istə. Ona cavab verdim ki, mən burada öz şəxsi canımı müdafiə etmirəm, mən ölkəmi, dövlətimi, müstəqil dövlətçiliyimizi müdafiə edirəm...
Ermənilərin işğalçılıq planları bitdi, indi də kürd radikalları ərazi iddialarına başlayıb. Mənim həyatım bu vətənin, bu torpağın yanında ikinci dərəcəlidir. Amma sizlər də, Azərbaycanın siyasi dairələri də, özgə vaxtlarda Turandan, türkçülükdən dəm vuran digər fəalları da bu məsələ ilə bağlı öz qəti və açıq mövqelərini bildirməlidirlər…”
“XX əsrin 70-ci illərində İranda 2 minə yaxın soydaşımızı qətlə yetiriblər…”
İndiyədək bu mövzudakı açıqlamalarında qətiyyən kürd xalqını deyil, yalnız onların adı ilə pərdələnmiş terror qruplaşmalarının cinayətlərini hədəf aldığını vurğulayan ADP sədri tarixi faktları xatırladıb:
“Mən heç bir xalqı təhqir etməmişəm. Sadəcə tarixi həqiqəti demişəm ki, XX əsrin 70-ci illərində İrandakı kürd silahlıları 2 minə yaxın Azərbaycan türkünü vəhşicəsinə qətlə yetiriblər. Bu, real etnik soyqırımı idi. İndi isə həmin qüvvələr ABŞ və İsrail kimi qlobal güclərin verdiyi silahlarla yenidən Təbrizə və Urmiyaya hücum edəcəklərini, yeni qırğınlar törədəcəklərini bəyan edirlər. Buna işarə edən faktlar açıq mənbələrdən, o cümlədən ABŞ-ın hazırkı prezidenti Donald Trampın dilindən səsləndirilir…
Onlar Urmiyada möhkəmlənməyə çalışırlar. Çox güman ki, ilk hədəfləri elə Urmiyadır. Biz vaxtında qabaqlayıcı siyasət yürütməliyik ki, böyük qırğınların qarşısını alaq”, - deyə partiya sədri bəyan edib.
“Təbrizi, Bakını, Nizami Gəncəvini, hətta Heydər Əliyevi də kürd elan ediblər…”
Terror tərəfdarlarının tarixi gülünc dərəcədə saxtalaşdırdığını deyən siyasətçi onlara sərt cavab verdiyini qeyd edib:
“Mənə zəng edib iddia edirlər ki, guya Naxçıvan da, Təbriz də Kürdüstandır. Nizami Gəncəvini kürd çıxarır, Bakının kürd şəhəri olduğunu sayıqlayırlar. Azərbaycan tarixində məşhur ictimai-siyasi xadim, alim, ədib, yazıçı, şair - kim var, hamısına 'kürd' damğası vururlar. Yazırlar ki, Şah İsmayıl Xətai də, Qaçaq Nəbi də, Heydər Əliyev də, İlham Əliyev də, Qarabağ xalq qəhrəmanı Sultan bəy Sultanov da kürddür. Hətta mənə deyirlər ki, 'sənin adın Sərdardır, bu da kürdcə rəhbər deməkdir, sən özün də kürdsən- xəbərin yoxdur…
İş o yerə çatıb ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və anasının da kürd olduğunu iddia edirlər. Mən dəqiq bilirəm ki, Şah İsmayılın da, Sultan bəyin də, digərlərinin də anası, nəsli təmiz türk soyudur. Odur ki, onlara deyirəm: “bu cür hər şeyə iddia etməklə siz bütün xalqları özünüzə düşmən edirsiniz…”
“Dünyadakı bütün qədim xalqların və peyğəmbərlərin kürd olduğunu sayıqlayırlar…”
Sərdar Cəlaloğlu “Diplomata Kurdi” qəzetinin baş redaktoru Tahir Süleymanovun ona göndərdiyi bir məqalədəki absurd iddiaları da ifşa edib:
“Mənə göndərilən materiallarda iddia olunur ki, dünyadakı bütün qədim xalqlar kürddür, hətta 7 peyğəmbər də kürd olub. “Kürdüstan”, “Ermənistan”, “Qazaxıstan”, “Qırğızıstan” sözlərindəki “-stan” şəkilçisini gətirib kürdlərlə bağlayırlar. Halbuki, bu sonluq türkcə “köy”, “gəldiyimiz yer” deməkdir. Saza, qopuza iddia edirlər, bizlərə isə “Siz Altaydan gəlmisiniz” deyirlər. Sual verirəm: tarixdə səlcuqların kürdləri məğlub etdiyi bircə dənə Türk-Kürd savaşı göstərə bilərsinizmi? Yoxdur! Səlcuqlar gəlib Türkiyədə, Azərbaycanda, İranda möhtəşəm türk dövlətləri yaratdılar, çünki bura elə türklərin öz qədim yurdu idi…Qorxuruq ki, bunlar Şimaldakı, Qərbdəki qlobal ağalarının təsir və təzyiqləri altında ermənilərdən də betər “Böyüklük…” xəstəliyinə tutulublar…”
Səfəvi və Əfşar irsinə sahiblənmək cəhdləri:
“Şah İsmayıl və Nadir Şah təmiz türkdür…”
Kürd radikallarının Azərbaycanın böyük imperiyalarını mənimsəmək cəhdlərinə toxunan siyasətçi tarixi sənədlərə istinad edib:
“Şah İsmayıl Xətainin və I Şah Abbasın türk olması barədə dövrün kitabları, şəcərənamələri var. Sənədlərdə Şah Abbasın 9 nəsli təsvir edilir, ulu babasının ərəblərlə görüşündə ona “ey gənc türk, sənin iqbalın açıqdır” deyildiyi açıq yazılıb. Əgər Səfəvilər kürd idisə, niyə ətraflarında bir dənə də olsun, kürd tayfası yox idi? Onları hakimiyyətə gətirən yalnız türk tayfaları (Qızılbaşlar) olub. İndi də durub deyirlər ki, iki cür Əfşar var: kürd əfşarlar və türk əfşarlar. Nadir şahın nəslinə də iddia edirlər. Türk hara, kürd hara, əfşar boyu hara?! Bu nə cəfəngiyyatdır?...”
“Prezident İlham Əliyev deyir ki, mən 50 milyonluq Azərbaycanın himayəçisiyəm, bunlar isə Güney Azərbaycana- Təbrizə hücum planlaşdırır…”
S.Cəlaloğlu kürd separatçılarının qlobal güclərin əlində maşaya çevrildiyini və daxili siyasi qüvvələrin bu təhlükəyə qarşı susduğunu vurğulayıb:
“Bu gün Azərbaycan Prezidenti İlham Əliyev 'Mən 50 milyonluq Azərbaycanın prezidentiyəm' deyərək bütöv millətimizə sahib çıxır. O tərəfdən isə radikallar “Amerikanın verdiyi silahla Təbrizə hücum edəcəyik” deyirlər. Əgər Türkiyə və Azərbaycanın gücü olmasa, onlar bu saat ən azı Urmiyaya hücum edərlər. Ermənilər sizin torpaqlara “Böyük Ermənistan” deyib göz dikir, səsiniz çıxmır; yəhudilərin planları coğrafiyanızı əhatə edir, özünüzü qoruya bilmirsiniz. Amma gəlib bizim əsas milli şəhərimiz, paytaxtımız olan Təbrizə göz dikirsiniz! İran rejimi də orada türkləri qırdırmaq üçün bu qüvvələri maliyyələşdirir, silahlandırır. Amma sizdə o ağıl yoxdur ki, Amerikanın pulu ilə “PKK”-nı yaradıb Suriyada, İraqda oyuncaq olmaqdan başqa əlinizə nə keçdiyini anlayasınız…”
“Azərbaycan sizə çörək verdi, qucaq açdı, bu xalqa düşmənçilik etməyin!..”
ADP sədri açıqlamasının sonunda xəbərdarlıq edərək, Azərbaycanda yaşayan kürd toplumunu terrorçuların və şovinistlərin təsirindən çıxmağa çağırıb:
“Azərbaycanda, Gəncədə və digər yerlərdə bəzi radikal qruplar elə bir vahimə yaradıblar ki, yerli camaat öz milli kimliyini deməyə qorxur. Azərbaycan dövlətinin daxildən parçalanmasına rəvac verənlərin, yuxarıda oturan bəzilərinin də burada günahı var. Mən həmin radikal şəxslərə deyirəm: Sizin vətəndaşlığınız haradır? Sizə bu torpaqlarda qucaq açılıb, çörək verilib, vəzifələr verilib. Bu xalqın çörəyi sizi tutacaq! Yeganə yer Azərbaycandır ki, sizə insani dəyər verilib. Bəs siz niyə bu xalqa qarşı belə düşmən kəsilmisiniz? Ədəbiyyatımıza, tariximizə, torpağımıza iddia edirsiniz. Amma hamı bilsin ki, bu problemin belə üzə çıxması yaxşı oldu. İndi xalq da, dövlət də kimin kim olduğunu, hansı çirkin planların qurulduğunu açıq görür. Biz qəti ümidliyik ki, dövlətimiz bu məsələlərin üstünə iradə və qətiyyətlə gedəcək və öz vətəndaşlarını hər cür terrorlardan qoruyacaq…”
Biz də 1xeber.media olaraq ümid edirik ki, Azərbaycanın milli(!), müstəqil(!) dövləti Türkiyə və Azərbaycanın da ABŞ+İsrail-İran savaşına qoşulmasına təhrik edilməsinə çalışan bəzi güc mərkəzlərinin həm Azərbaycan(Quzey) Respublikası, həm də İran daxilindəki 30-40 milyonluq Güney Azərbaycan ərazisində də növbəti separatism dalğaları yaratmaq planlarının qarşısını almaq üçün Azərbaycan xalqı, dövləti, onun tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti və s. haqda gerçəkləri təbliğ edən ictimai fəal şəxslərə qarşı köklənmiş bəzi radikal ünsürlərin zərərsizləşdirilməsi üçün gərəkli tədbirləri görəcək…
Qeyd:
Materialda adları çəkilən digər şəxslərlə yanaşı, maraqlı dövlət qurumlarının da konstruktiv mövqe, fikir və mülahizələrini təqdim etməyə hazırıq…