Rusiyalı hərbi ekspert Yuri Knutov Ukrayna Silahlı Qüvvələrinin Sankt-Peterburq və Leninqrad vilayətinə hücumundan sonra nüvə silahından istifadə ehtimalı ilə bağlı açıqlama verib.
1xeber.media xəbər verir ki, Knutov bu barədə “MK.RU”ya açıqlamasında danışıb.
Ekspertin sözlərinə görə, əgər Rusiya da “total müharibə” rejiminə keçərsə, Ukrayna ərazisinə nüvə başlığı daşıya bilən raketlərin göndərilməsi ehtimalı yarana bilər.
“Total müharibə o zaman başlayacaq ki, Ukrayna istiqamətində adi döyüş başlığı ilə deyil, nüvə başlığı ilə təchiz olunmuş “Kinjal”, “Tsirkon” və “İsgəndər” raketləri uçacaq”, – deyə Knutov bildirib.
O qeyd edib ki, belə bir ssenari hazırkı münaqişə şəraitində ən yaxşı variant hesab olunmur. Ekspertin fikrincə, daha məqsədəuyğun yol döyüşlərin dayandırılması və Rusiya tərəfinin maraqlarının nəzərə alınması ilə bağlı razılaşmanın əldə olunmasıdır.
Xatırladaq ki, iyulun 24-nə keçən gecə Leninqrad vilayəti Ukrayna dronlarının hücumuna məruz qalıb. Vilayətin qubernatoru Aleksandr Drozdenkonun sözlərinə görə, anbar kompleksinə edilən zərbə nəticəsində üç nəfər yaralanıb.
Hücum zamanı dronlardan biri Kirov rayonunun Sinyavino qəsəbəsində yerləşən “Severnaya” quşçuluq fabrikinin anbarına çırpılıb. Nəticədə binanın bəzi konstruksiyaları dağılıb.
Sankt-Peterburq şəhərində də dron hücumu qeydə alınıb. Bildirilir ki, zərbə Moskovskoye şossesində yerləşən mülki infrastruktur obyektlərinə dəyib.