ABŞ-dan Ukraynaya gedən Liberiya bayraqlı “Christiana B” gəmisində Rumıniya sahilləri yaxınlığında partlayış baş verib.
1xeber.media xəbər verir ki, bu barədə Rumıniya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, ilkin qiymətləndirmələrə əsasən, hadisə dəniz dronunun zərbəsi və ya dəniz minasının partlaması nəticəsində baş verə bilər.
Bildirilib ki, insident gecə saatlarında qeydə alınıb. Gəminin kömür daşıyan quru yük gəmisi olduğu və yükü ABŞ-ın Norfolk şəhərindən gətirdiyi qeyd edilib.
Hadisə zamanı ekipaj kömək siqnalı göndərib. İlkin məlumata görə, partlayış nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, bundan əvvəl Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısının ölkənin hava məkanına daxil olan naməlum pilotsuz uçuş aparatını vurduğu bildirilib.