“Prezidentin köməkçisi Hikmət Hacıyevib Tural Sadıqlıya verdiyi dəqiq və sərrast cavab bu kimi insanlara verilmiş ümumiləşdirilmiş ən yaxşı cavabdır. Ümid edirəm ki, hər kəs burda öz payını götürdü. Həqiqətən, cılız siyasi və ya şəxsi maraqlar naminə vətənə və dövlətə xəyanət etmək özünü azərbaycanlı adlandıran hər kəs üçün əsl faciə olmalıdır. Sən hökumətdən istədiyin adamı, istənilən ictimai və ya siyasi şəxsi tənqid edə bilərsən, lakin xalqın azadlıq müharibəsi apardığı bir vaxtda düşməni müdafiə edirsənsə, separatçı və xunta rejimini legitim qurum kimi təqdim edirsənsə, bunun yalnız bir adı var: xəyanət!”.
Milli Məclisin deputatı Azay Quliyev bunu 1xeber.media-ya açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanda onlarla sayt və internet kanalları var ki, gündə hamını və hər kəsi sərbəst şəkildə tənqid edir, lakin heç vaxt kimisə təhqir etmirlər, ictimai əxlaqa zidd sözə və hərəkətə yol vermirlər:
“Ona görə də onlara daha çox diqqət verilir və sözləri eşidilir. Lakin xaricdə bir qrup şəxsin şəbəkə halında birləşərək Azərbaycana qarşı çirkin kampaniya aparması, söyüş və təhqirlə dövlət rəsmilərinə hücum etməsi, şər və böhtan atması rəzillikdən başqa bir şey deyildir. İnanın ki, bu cür rəzillik artıq, insanlarda yalnız ikrah hissi doğurur. Bu adamların dəyişəcəyini və ya düzələcəyini düşünmürəm, çünki onların ruhu və iradəsi öz əllərində deyil, çoxdan başqaları tərəfindən ölkəmizə qarşı istismar olunur”.
Aysel