Rusiyanın nəzarətə götürdüyünü bildirdiyi Xarkov vilayətinin İvaşkino kəndində Ukrayna Silahlı Qüvvələrinin bir qrup hərbçisinin əsir götürüldüyü iddia edilir.
1xeber.media xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumata görə, Rusiya hərbçiləri yaşayış məntəqəsinə nəzarəti ələ keçirmək üçün keçirilən əməliyyat zamanı Ukrayna Silahlı Qüvvələrinin 129-cu Əlahiddə Ağır Mexanikləşdirilmiş Briqadasının hərbçiləri ilə qarşılaşıblar. Bildirilir ki, onların bir hissəsi əməliyyat zamanı əsir götürülüb.
TASS-ın yaydığı məlumata əsasən, əsir düşən ukraynalı hərbçilərdən biri briqadaların tez-tez yerdəyişməsi və təchizat problemlərinin Ukrayna ordusunun mövqelərində xaosa səbəb olduğunu iddia edib.
Qeyd edək ki, bu məlumatlar Rusiya dövlət agentliyinin və Rusiya tərəfinin açıqlamalarına əsaslanır. Ukrayna tərəfi isə hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.