Вернуться назад Распечатать

Almaniyada Ukraynaya yardımın dayandırılmasına çağırış edilib

Almaniyanın müxalifətdə olan “Almaniya üçün Alternativ” (AfD) Partiyası Ukraynaya göstərilən hərbi və maliyyə yardımının tamamilə dayandırılmasını tələb edib.

1xeber.media xəbər verir ki, bu barədə Bundestaqın AfD-dən olan deputatı, energetika məsələləri üzrə ekspert Şteffen Kotre TASS agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, AfD Rusiya-Ukrayna münaqişəsinin əvvəlindən etibarən Kiyevə silah tədarükünə qarşı çıxıb. Kotre hesab edir ki, hərbi yardım döyüşlərin uzanmasına səbəb olur.

Deputat həmçinin bildirib ki, “Şimal axını” qaz kəmərlərinin partladılması ilə bağlı yayılan məlumatlar Ukraynaya hərbi və maliyyə dəstəyinin dayandırılması üçün əlavə əsas yaradır.

Kotre Almaniya üçün strateji əhəmiyyət daşıyan infrastrukturun məhv edilməsində təqsirləndirilən dövlətə maliyyə ayrılmasını qəbuledilməz adlandırıb. O, eyni zamanda Almaniya vergi ödəyicilərinin vəsaitlərinin korrupsiya riski ilə üzləşə biləcəyini də iddia edib.

Qeyd edək ki, bu açıqlamalar AfD nümayəndəsinin mövqeyini əks etdirir. Almaniya hökuməti Ukraynaya hərbi və maliyyə dəstəyini davam etdirəcəyini bəyan edib.