Вернуться назад Распечатать

Bakıya uçan taksilər nə vaxt gələcək? - Ekspert

Qazaxıstanın paytaxtı Astanada ilk dəfə aerotaksinin nümayiş uçuşu keçirilib. Uçuş iyulun 24-də baş tutub. Sınaq zamanı elektrik mühərrikli şaquli qalxma və enmə qabiliyyətinə malik “eVTOL” tipli hava nəqliyyat vasitəsindən istifadə olunub. Nümayiş üçün seçilən “AutoFlight Prosperity” modeli bir pilot və beş sərnişin üçün nəzərdə tutulub. Hava aparatı saatda 200 kilometrədək sürət yığa və 200 kilometr məsafə qət edə bilir.

Ümumiyyətlə, dünyanın bir çox ölkəsində artıq uçan taksilərin istifadəsinə hazırlıq işləri aparılır. Bunun üçün qanunvericilik bazası yaradılır, həmçinin sınaqlar keçirilir. Qazaxıstanda uçan nəqliyyat vasitələri ilə bağlı qanun bu ilin may ayından qüvvəyə minib.

Bəs, Azərbaycanda bununla bağlı qanunvericilik niyə hazırlanmır və sınaqlar nə üçün aparılmır?

1xeber.media xəbər verir ki, Mövzu ilə bağlı Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov bildirib ki, Astana şəhərində uçan taksi sınaqları keçirilməsi ölkənin nəqliyyat, infrastruktur sahəsində qazandığı mühüm uğurlardan biridir.

“Şübhəsiz ki, bu addımla Qazaxıstan Astana, Almatı kimi şəhərlər üçün xarakterik olan tıxac probleminin aradan qaldırılmasına çalışır.

Nəzərə alsaq ki, Azərbaycanda da bu problem mövcuddur, hesab edirəm, uçan taksilərlə bağlı prosesi izləmək lazımdır. Gələcəkdə istisna deyil ki, bu təcrübə səmərəli olacağı təqdirdə və tıxac probleminin həlli ilə bağlı praktiki nəticələr verəcəyi təqdirdə Azərbaycanda da analoji addımlar atılması mümkün ola bilər”.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə hesab edir ki, uçan taksi texnoloji məsələdir:

“Bu məsələyə gərək hazır olasan, sonra onu tətbiq edəsən. Hazırlıqsız, qanunvericilik bazası olmadan belə bir addımın atılması, əlbəttə, faydalı olmaz.

Ümumiyyətlə, bu müasir texnologiyalardan istifadə edilərkən qanunvericilik bazası mütləq təkmilləşdirilməlidir. Onsuz çox çətin olar, əks halda xaos yaranar”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi" istiqaməti üzrə hazırlanıb.