Rusiyanın İstintaq Komitəsi Misirin Hurqada sahillərində baş vermiş “Sindbad” batiskafının qəzasi ilə bağlı çıxarılan məhkəmə hökmünü tənqid edib.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Qərb Regionlararası Nəqliyyat İstintaq İdarəsinin rəhbəri Vitali Saksin TASS agentliyinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, faciənin miqyası nəzərə alınarsa, təqsirləndirilən şəxslərə verilən həbs müddətləri və cərimələr adekvat deyil.
Məlumata əsasən, Misir məhkəməsi mart ayında Hurqada sahillərində qəzaya uğrayan və göyərtəsində rusiyalı turistlərin olduğu “Sindbad” batiskafının kapitanını iki il müddətinə azadlıqdan məhrum edib. Hökmdən apellyasiya şikayəti vermək və 2 min Misir funtu məbləğində girov müqabilində azadlığa buraxılmaq imkanı da nəzərdə tutulub.
İş üzrə ikinci təqsirləndirilən şəxs batiskafın texniki xidmətinə cavabdeh olub. Məhkəmə onu altı ay müddətinə həbs cəzasına məhkum edib və girov qarşılığında azadlığa çıxmaq hüququ verib.
Qeyd edək ki, bu xəbərdə yer alan qiymətləndirmələr Rusiya İstintaq Komitəsinin nümayəndəsinin mövqeyini əks etdirir.