Son illər sağlam həyat tərzi keçirmək istəyən vətəndaşların fitnes və idman zallarına axını artıb. Lakin bəzi zallarda peşəkar olmayan məşqçilərin təyin etdiyi ağır proqramlar vətəndaşların səhhətində ciddi fəsadlar yaradır.
1xeber.media problemi araşdırıb.
Gənclərin və orta yaşlı nəslin idman zallarına üz tutması müsbət hal olsa da, bu sahədə ciddi bir sosial problem özünü büruzə verir. Zallarda fəaliyyət göstərən bir çox "məşqçi" heç bir tibbi və ya idman təhsili olmadan vətəndaşlara ağır məşq proqramları tərtib edir, hətta fərqli qida əlavələri (idman dərmanları) məsləhət görürlər.
Şikayət edən sakinlər bildirirlər ki, düzgün təyin olunmayan məşqlər nəticəsində onurğa yırtığı, oynaq zədələnmələri və ürək-damar sistemində ciddi xəstəliklər qazanıblar.
Mütəxəssis xəbərdarlığı:
Həkimlər və peşəkar idman mütəxəssisləri xəbərdarlıq edirlər ki, hər bir vətəndaş idmana başlamazdan öncə ümumi tibbi müayinədən keçməli və məşqçidən rəsmi sertifikat tələb etməlidir. İdman zalı seçərkən təkcə müasir avadanlıqlara deyil, personalın peşəkarlığına diqqət yetirilməlidir.