Вернуться назад Распечатать

Rusiyada hərbi xidmətdən yayınmağa çağıran şəxsə terror maddəsi ilə iş açıldı

1xeber.media xəbər verir ki, Rusiyanın Saxalin vilayətində yerli sakin sosial şəbəkələrdə hərbi xidmətdən yayınmağa və fərariliyə çağırışlar yaymaqda ittiham olunaraq saxlanılıb.

Rusiya İstintaq Komitəsinin regional idarəsinin məlumatına görə, 59 yaşlı kişi barəsində Cinayət Məcəlləsinin terror fəaliyyətinə açıq çağırışlarla bağlı 205.2-ci və dövlət təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətə çağırışlarla bağlı 280.4-cü maddələri üzrə cinayət işi başlanıb. O, həbs edilib.

İstintaqın iddiasına əsasən, şübhəli 2022-ci ilin fevralından 2023-cü ilin oktyabrına qədər sosial şəbəkə səhifəsində hərbi xidmətdən yayınmağa, fərariliyə və hakimiyyət orqanlarının Rusiyanın təhlükəsizliyini təmin etmək üzrə fəaliyyətinə mane olmağa çağıran paylaşımlar yerləşdirib.

Bildirilib ki, 2025-ci il aprelin 6-da o, dövlət hakimiyyəti orqanlarına qarşı qanunsuz hərəkətlərə çağırışların yer aldığı video da yayımlayıb.

Qeyd edək ki, bundan əvvəl başqa bir Rusiya vətəndaşının Böyük Kreml Sarayına hücuma çağırış etdiyi və məhkəmə tərəfindən cəzalandırıldığı bildirilib.