ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu artırması regionda gərginliyin yeni mərhələyə keçə biləcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Vaşinqtonun İrana qarşı mümkün əməliyyatın genişləndirilməsi ehtimalını nəzərə alaraq bölgəyə əlavə qoşun və hərbi texnika göndərməsi təhlükəsizlik balansına və regional geosiyasi proseslərə təsir edə biləcək addım kimi qiymətləndirilir. Bu prosesin inkişafı Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə, həmçinin beynəlxalq münasibətlərdə yeni siyasi və hərbi risklər yarada bilər.
Bu barədə politoloq Məhəmməd Əsədullazadə 1xeber.media-ya açıqlamasında deyib ki, ABŞ və İran arasında hərbi qarşıdurma getdikcə genişlənir:
“Qətərin irəli sürdüyü 10 günlük atəşkəs təklifinə nə İran, nə də Amerika razılıq verdi. Hazırda hərbi əməliyyatlar lokal və müəyyən qədər idarəolunan xarakter daşısa da, onların istənilən an nəzarətdən çıxması ehtimalı var. ABŞ-ın Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərməsi, əslində, İranı uzunmüddətli və yorucu müharibəyə cəlb etməyə hesablanmış addım kimi qiymətləndirilə bilər. Digər tərəfdən, Çin də İrana müəyyən logistik dəstək göstərir. İran isə ABŞ-ın Yaxın Şərqdəki iqtisadi obyektlərini, data mərkəzlərini və hərbi bazalarını hədəfə alır. Bu da Vaşinqtonun daha aqressiv mövqe tutmasına və İrana qarşı hərbi əməliyyatları davam etdirməsinə səbəb olur”.
O bildirib ki, İranın hərbi komandanlığının atəşkəsə getməməsi prosesi daha da gərginləşdirir:
“Bu vəziyyət İran iqtisadiyyatının zəifləməsinə, növbəti mərhələdə isə sosial durumun ağırlaşmasına gətirib çıxara bilər. ABŞ da məhz iqtisadi vəziyyəti daha da çətinləşdirməyə çalışır ki, nəticədə əhali hakimiyyətdən narazı qalsın. Əgər İran hazırkı siyasətini davam etdirərsə, ABŞ hərbi əməliyyatların miqyasını daha da genişləndirə bilər. Hətta İrana qarşı müəyyən quru əməliyyatlarına da başlama ehtimalı istisna deyil. Təbii ki, quru əməliyyatları ABŞ üçün kifayət qədər risklidir. Bununla belə, cənub istiqamətindən, eləcə də İranın şimal-qərbində, İraqla sərhəd bölgəsindən daha intensiv hərbi əməliyyatlar aparılaraq quru əməliyyatlarına start verilə bilər. Ümumilikdə isə proseslərin necə inkişaf edəcəyi İranın atacağı addımlardan asılı olacaq. Çünki İran tərəfinin, xüsusilə də SEPAH-ın mövqeyi ondan ibarətdir ki, müharibə davam etsin və bu şəraitdə öz hakimiyyətlərini qoruyub saxlaya bilsinlər”.
Aysel