Вернуться назад Распечатать

Deputat: “Bu hadisə Vətənə xəyanətin acı nəticələrini bir daha göstərdi”

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı Prezidentin köməkçisi Hikmət Hacıyevlə Almaniyada yaşayan bloqer Tural Sadıqlı arasında baş tutan qısa dialoq geniş müzakirələrə səbəb olub. Tərəflər arasında səslənən fikirlər sosial şəbəkələrdə müxtəlif reaksiyalar doğurarkən, Hikmət Hacıyev Tural Sadıqlını Vətənə və dövlətə xəyanətdə ittiham edib. Qeyd edək ki, Tural Sadıqlı barəsində Azərbaycan məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü mövcuddur və o, bir sıra ağır cinayətlər üzrə təqsirli bilinərək qiyabi qaydada 14 il müddətinə azadlıqdan məhrum edilib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov 1xeber.media-ya açıqlamasında deyib ki, baş verən son hadisə çox ciddi bir reallığı ortaya qoydu:
“Bu insanlar indiyədək özlərini dövləti idarə edə biləcək, yüksək potensiala malik gənclər kimi təqdim etməyə çalışırdılar. Lakin son hadisələr göstərdi ki, onların elementar siyasi bacarıqları və təcrübələri belə yoxdur. Bir vaxt qondarma “Xalq Parlamenti” yaratmağa cəhd etdilər, daha sonra müxtəlif qruplaşmalar və təşkilatlar formalaşdırmağa çalışdılar. Ancaq bu gün faktlar hər kəsin gözü qarşısındadır. Hörmətli Hikmət Hacıyevlə baş verən dialoq da əslində bu acı həqiqəti bir daha ortaya qoydu. Bu dialoq göstərdi ki, həmin şəxslər hansı məqsədlərə xidmət edir və hansı hədəfləri güdürlər. Bu məsələyə artıq tam aydınlıq gəlib. Çünki həmin şəxslərin xaricdən ciddi dəstək aldıqları da məlumdur. Onlar məqsədli şəkildə Azərbaycana, onun rəhbərliyinə və dövlət institutlarına qarşı fəaliyyət göstərirlər”.

O qeyd edib ki, bu isə, təbii ki, Azərbaycanın milli maraqlarına xidmət etmir:
“Əksinə, müəyyən xarici dairələrin maraqlarına xidmət edən bir fəaliyyətdir. Bu şəxslər heç bir halda Azərbaycanın milli maraqlarını müdafiə etmirlər və edə də bilməzlər. Hikmət müəllim də bu mövzuda çox vacib bir məqama toxundu. O qeyd etdi ki, vətənə xəyanət edən insanlara yazığı gəlir. Bu, onun mövqeyidir. Həmin polemikadan sonra nə qədər video çəkilsə, nə qədər açıqlama verilsə də, baş verən hadisənin yaratdığı reallıq dəyişmir. Faktlar ortadadır. Böyük iddialarla çıxış edən bu şəxslərin ortaya qoyduğu mənzərə onların iddiaları ilə üst-üstə düşmür. Bununla bağlı yaranmış ictimai müzakirələr də məhz bu reallıq ətrafında davam edir".

Aysel