Вернуться назад Распечатать

İddia: Ukrayna Rusiyaya qarşı ilk dəfə Ruta Block 1 raketlərindən istifadə edib

1xeber.media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya qarşı ilk dəfə Ruta Block 1 qanadlı raketlərindən istifadə etdiyi iddia olunur.

ABŞ-ın The War Zone (TWZ) portalının yazdığına görə, Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu bildirilən Niderland istehsalı raketin qalıqlarının fotoları Rusiya Telegram kanallarında yayılıb. Şəkillərdə raketin gövdəsi, daxili hissələri və quyruq bölməsi əks olunub.

Nəşr qeyd edir ki, zərbənin dəqiq harada və hansı hədəfə endirildiyi məlum deyil. Bununla belə, yayılan görüntülərin Ruta Block 1 raketinin döyüş şəraitində istifadəsinə dair ilk açıq sübut olduğu iddia edilir.

TWZ-nin məlumatına görə, Ruta Block 1 raketinin uçuş məsafəsi 300 kilometrdən çox, döyüş başlığının çəkisi isə 150 kiloqrama qədərdir. Bildirilir ki, raket inertial, peyk və vizual naviqasiya sistemlərindən istifadə edir.

Məlumata əsasən, raketin istehsalçısı olan Destinus şirkəti daha uzun mənzilli Ruta Block 2 (800 km, 250 kq döyüş başlığı) və Ruta Block 3 (2000 km, 550 kq döyüş başlığı) versiyaları üzərində də işləyir.

Qeyd edək ki, bu məlumatlar açıq mənbələrə və Rusiya Telegram kanallarında yayılan görüntülərə əsaslanır. Ukrayna tərəfi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.