Azərbaycanda sosial müavinət alan şəxslərin kommunal xidmət haqlarından tam və ya qismən azad edilməsi məsələsi son illərdə ictimai müzakirələrdə tez-tez gündəmə gətirilən sosial mövzulardan biridir. Xüsusilə aztəminatlı ailələr, əlilliyi olan şəxslər, yaşa görə sosial müavinət alan və digər həssas əhali qruplarının artan yaşayış xərcləri fonunda elektrik enerjisi, təbii qaz, su və digər kommunal ödənişlərlə bağlı güzəştlərin tətbiqi ilə bağlı təkliflər səsləndirilir. Bu məsələnin reallaşmasının sosial rifahın gücləndirilməsi baxımından əhəmiyyətli addım olacağını düşünənlərlə yanaşı, bunun dövlət büdcəsinə təsiri və tətbiq mexanizmləri ilə bağlı ehtiyatlı yanaşanlar da var.
Məsələ ilə bağlı iqtisadçı İlqar Hüseynli 1xeber.media-ya açıqlamasında deyib ki, sosial müavinət alıb-almamasından asılı olmayaraq, Azərbaycanda müəyyən imtiyazlı kateqoriyalara aid şəxslər üçün kommunal xidmətlərlə bağlı tam və ya qismən güzəştlərin tətbiqi praktikası mövcud olub:
“Əvvəllər bu güzəştlər qaçqın və məcburi köçkünlərə, eləcə də Qarabağ veteranları və müharibə əlillərinə müəyyən həcmdə şamil edilirdi. Lakin digər vətəndaş kateqoriyaları üçün mövcud qanunvericilikdə kommunal xidmət haqlarının ödənilməsi ilə bağlı hər hansı güzəşt nəzərdə tutulmadığından, onlar bu xərcləri tam şəkildə ödəyirlər. Sosial müavinət alan şəxslərə də belə bir güzəştin tətbiqi nəzəri baxımdan mümkündür. Ancaq praktika göstərir ki, bəzi hallarda kifayət qədər maddi imkanı olan şəxslər də müxtəlif qanunsuz yollarla, o cümlədən korrupsiya vasitəsilə sosial müavinət əldə edə biliblər. Belə halların mövcudluğu isə kommunal güzəştlərin tətbiqi zamanı sui-istifadə riskini artırır”.
O bildirib ki, bu səbəbdən belə bir mexanizmin tətbiqi nəzərdə tutularsa, ilk növbədə şəffaf və etibarlı nəzarət sistemi formalaşdırılmalıdır:
“Güzəştlər yalnız həqiqətən sosial müdafiəyə ehtiyacı olan şəxslərə şamil edilməli, onların təyin olunması isə ailə üzvlərinin sayı, minimal istehlak səbətinin həcmi və digər sosial-iqtisadi meyarlar əsasında aparılmalıdır. Bu halda sosial müavinət məhz vətəndaşın əsas yaşayış xərclərinin, o cümlədən kommunal ödənişlərinin qarşılanmasına xidmət edə bilər”.
Aysel