Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Dövlət Su İşləri İdarəsinin Baş direktorunun müavini Faruk Fıratoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
1xeber.media xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında aqrar sahədə əməkdaşlıq, torpaqların konsolidasiyası sahəsində təcrübə mübadiləsi məsələləri müzakirə olunub.
Nazir Məcnun Məmmədov Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın aqrar sektorun inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Dövlət Proqramında torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin olunması əsas prioritetlər kimi müəyyənləşib. Bu istiqamətdə proqramda torpaqların konsolidasiyası mexanizminin yaradılması və pilot layihələrin həyata keçirilməsi də nəzərdə tutulub. Nazir qeyd edib ki, pilot layihələrin icrasında Türkiyənin bu sahədə formalaşmış təcrübəsinin öyrənilməsi və tətbiqi, həmçinin iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Görüşdə Dövlət Proqramı çərçivəsində həyata keçirilməsi planlaşdırılan pilot layihələr, torpaqların konsolidasiyası mexanizminin tətbiqi ilə bağlı hüquqi, institusional və texniki məsələlər, aidiyyəti dövlət qurumları arasında fəaliyyətin əlaqələndirilməsi, eləcə də gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Ekspertlərin Azərbaycanda torpaqların konsolidasiyası üzrə pilot layihələrin həyata keçiriləcəyi Qəbələ və Salyan rayonlarına səfəri, aparılan qiymətləndirmələrin nəticələri və ilkin təəssüratlar müzakirə olunub. Müzakirələr zamanı pilot ərazilərin mövcud vəziyyəti, konsolidasiya imkanları və layihələrin uğurla icrası üçün zəruri texniki və institusional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər torpaqların konsolidasiyası sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, bilik və təcrübə mübadiləsinin davam etdirilməsi, müvafiq istiqamətdə birgə fəaliyyətin gücləndirilməsinin hər iki ölkənin aqrar sektorunun inkişafına töhfə verəcəyini vurğulayıblar.



