1xeber.media xəbər verir ki, Ağ Ev iyulun 28-nə planlaşdırılan ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşün əsas mövzusunun Ukrayna münaqişəsinin nizamlanması olacağını açıqlayıb.
Ağ Evin nümayəndəsinin sözlərinə görə, “müharibəni başa çatdırmağın vaxtı çatıb”.
Donald Tramp isə Fox News telekanalına müsahibəsində bildirib ki, Ukrayna münaqişəsi onun prezidentlik müddəti – yəni 2029-cu ildən əvvəl başa çata bilər.
Tramp qeyd edib ki, o, münaqişənin daha erkən həll olunacağını gözləyirdi və bunu Rusiya və Ukrayna liderləri ilə yaxşı münasibətləri ilə əlaqələndirib.
Bundan əvvəl Volodimir Zelenski ABŞ-ın münaqişənin həlli ilə bağlı bir neçə təklif hazırladığını bildirmişdi. Onun sözlərinə görə, bu təkliflər dövlət başçılarının görüşündə müzakirə olunacaq.
Zelenski həmçinin bildirib ki, Ukrayna və Rusiya qış aylarında danışıqlara başlaya bilər. Əks halda, münaqişənin yeni eskalasiya mərhələsinə keçəcəyi ehtimalı var.
Xatırladaq ki, iyulun 23-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Marko Rubio Manilada ASEAN tədbiri çərçivəsində görüş keçiriblər. Tərəflər 35 dəqiqə davam edən danışıqlarda Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə ediblər. Lavrov Rusiyanın siyasi-diplomatik həllə hazır olduğunu bəyan edib, eyni zamanda Ukraynaya silah tədarükünün davam etdirilməsinə qarşı olduğunu bildirib.