Вернуться назад Распечатать

Türkiyədə Rusiya kömürünün qiyməti bahalaşıb

1xeber.media xəbər verir ki, Türkiyədə Rusiyadan idxal olunan 6000 kilokalori dəyərində energetik kömürün qiyməti son bir həftədə 3,6 faiz artaraq tonuna 107 dollara çatıb.

“Kommersant” qəzetinin Neft Research icmalına istinadən yaydığı məlumata görə, bahalaşmanın əsas səbəbi tədarük həcmlərinin azalması və Qara dəniz marşrutu üzrə logistika risklərinin artmasıdır.

Bildirilib ki, Rusiya ixracatçıları mövcud kömür ehtiyatlarını artıq satıb, yeni partiyaların göndərilməsində isə çətinliklər yaranıb. Buna səbəblərdən biri kimi ötən həftə Tamandan Trabzona kömür daşıyan yük gəmisinin pilotsuz uçuş aparatı ilə hücuma məruz qalması göstərilir.

Mütəxəssislərin sözlərinə görə, Türkiyəyə alternativ marşrutlar Gürcüstan və Azərbaycan üzərindən dəmir yolu, eləcə də Baltik dənizindəki Ust-Luqa limanından Aralıq dənizi vasitəsilə daşınmadır. Lakin bu marşrutlar daha baha başa gəlir və daşınma həcmləri məhduddur.

Ekspert Pavel Qamov hesab edir ki, iyun və iyul aylarında satışların yüksək olması səbəbindən yaxın 2–3 ay ərzində Türkiyədə 1,5 milyon tona qədər kömür çatışmazlığı yarana bilər. Onun proqnozuna görə, iyul ayında Qara dəniz marşrutu ilə kömür tədarükü illik müqayisədə 25–35 faiz azalacaq.

Qeyd edək ki, 2024-cü ildə Türkiyəyə Rusiya kömürünün ixracı 34,6 faiz artaraq 35 milyon tona çatıb və ölkə bu məhsulun Qərb istiqamətində ən böyük alıcısı olaraq qalır.