Вернуться назад Распечатать

Silinən fayllarla bağlı vacib məqam açıqlandı

1xeber.media xəbər verir ki, How-To Geek nəşri kompüterdə faylların düzgün silinməsi ilə bağlı istifadəçilərə mühüm xəbərdarlıq edib.

Nəşrin müəllifi Sidni Batler bildirib ki, Windows əməliyyat sistemindəki “Səbət” (Recycle Bin) və digər əməliyyat sistemlərindəki analoji funksiyalar faylları dərhal silmir. Onun sözlərinə görə, bu qovluq sadəcə silinmiş faylların müvəqqəti saxlandığı yerdir və istifadəçi onu əl ilə təmizləməyincə məlumatlar cihazda qalır.

Mütəxəssis qeyd edib ki, faylları Shift + Delete düymələri vasitəsilə silmək onları “Səbət”ə göndərmədən birbaşa silməyə imkan verir.

Bununla belə, o vurğulayıb ki, məxfi məlumatların tam şəkildə silinməsi üçün xüsusi proqramlardan istifadə etmək daha məqsədəuyğundur. Belə utilitlər faylları bərpa olunmayacaq şəkildə yaddaşdan silir.

Batler əlavə edib ki, bəzi hallarda Microsoft hesabına giriş əldə edən şəxslər silinmiş faylları bərpa etmək imkanına sahib ola bilərlər. Buna görə də, xüsusilə həssas məlumatlarla işləyən istifadəçilərə əlavə təhlükəsizlik tədbirləri görmək tövsiyə olunur.