Vətəndaş təcili tibbi yardımın çağırışa cavab verməməsi və xəstəxanada qarşılaşdığı problemlərlə bağlı TƏBİB-ə müraciət etsə də, iddiasına görə, məsələ ilə bağlı nə ona ətraflı izahat verilib, nə də sonradan geri dönüş edilib.
1xeber.media xəbər verir ki,Moderator.az -a müraciət edən vətəndaşın sözlərinə görə, hadisə iyulun 26-dan 27-nə keçən gecə, saat 03:00 radələrində baş verib.
Onun iddiasına görə, atasının böyrək nahiyəsində qəfil və şiddətli ağrılar başlayıb. Ailə dərhal təcili tibbi yardım xidmətinə zəng etsə də, təxminən 30 dəqiqə ərzində çağırışa cavab verilməyib.
“Atamın vəziyyəti ağırlaşdığı üçün gözləmədik və özümüz 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına apardıq. Atam avtomobildə idi. Mən həkimə böyrək nahiyəsində şiddətli ağrı olduğunu dedim. Həkim isə məndən "Dəqiq böyrəkdir ağrıyan?" deyə soruşdu. Mən də ağrının həmin nahiyədə olduğunu, lakin dəqiq hansı orqandan qaynaqlandığını bilmədiyimi bildirdim. Buna baxmayaraq, həkim xəstəni müayinə etmədən və avtomobildən düşürmədən "Baralgin" vurulmalı olduğunu dedi. Daha sonra preparatın xəstəxanada olmadığını bildirərək Mərdəkandakı aptekdən alıb gətirməyimizi, həmin vaxt iynəni vuracaqlarını söylədi”, – deyə şikayətçi bildirib.
Vətəndaşın sözlərinə görə, qardaşı tibb işçilərindən heç olmasa şprisin xəstəxanada olub-olmadığını soruşduqda, ona “Sizə nə tapşırılırsa, onu alıb gətirin” cavabı verilib.
Şikayətçi qeyd edib ki, bu münasibətdən sonra xəstəxanada lazımi tibbi yardımın göstərilməyəcəyini düşünərək xəstəni evə aparıblar.
Onun sözlərinə görə, hadisədən sonra TƏBİB-in qaynar xətti ilə də əlaqə saxlayıb. Şikayətçi bildirir ki, müraciəti dinlənildikdən sonra ona yalnız belə bir halla qarşılaşdığı üçün təəssüf edildiyi bildirilib. Daha sonra isə danışıq yarımçıq kəsilib. Vətəndaş iddia edir ki, bundan sonra dəfələrlə yenidən əlaqə saxlamağa çalışsa da, zənglərinə cavab verən olmayıb və heç bir geri dönüş edilməyib.
Vətəndaş baş verən hadisənin araşdırılmasını, təcili tibbi yardımın çağırışa niyə cavab vermədiyinə, eləcə də 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında dərman və tibbi ləvazimat çatışmazlığı ilə bağlı məsələlərə TƏBİB tərəfindən aydınlıq gətirilməsini istəyir.