Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində atılan addımlardan biri də Alman–Azərbaycan Biznes Şurasının yaradılması təşəbbüsüdür. Gözlənilir ki, bu platforma iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın genişlənməsinə, yeni investisiya layihələrinin həyata keçirilməsinə və ticarət dövriyyəsinin artmasına töhfə verəcək.
Mövzu ilə bağlı 1xeber.media-ya açıqlama verən Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib ki, Azərbaycan Prezidentinin Almaniyaya səfəri iki ölkə arasındakı münasibətlərdə yeni bir səhifə açacaq:
“Keçirilən görüşlər zamanı imzalanan bəyanat və Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması ilə bağlı əldə olunan razılıqlar birmənalı şəkildə ölkələrarası iqtisadi əlaqələrin genişlənməsinə xidmət edəcək. Burada mühüm məqamlardan biri də iki ölkə arasında enerji sektorundan kənar sahələrdə əməkdaşlığın gücləndirilməsidir. Bütövlükdə, 2025-ci ildə Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi 1,4 milyard dollara yaxın olub. Bu dövriyyənin əhəmiyyətli hissəsini Almaniyadan idxal təşkil edir. Azərbaycanın Almaniyaya ixracının böyük hissəsi isə xam neft və neft məhsullarından ibarətdir. Bu da göstərir ki, xüsusilə əldə olunan yeni anlaşmalar fonunda qeyri-neft sektorunda əməkdaşlığın gücləndirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Yeni Şuranın yaradılması qeyri-neft sektoruna sərmayələrin cəlb edilməsinə əlavə imkanlar yaradacaq. Hazırda rəsmi statistikaya əsasən, Almaniyanın Azərbaycana yatırdığı investisiyaların həcmi 958 milyon dollardır və bunun 94 faizi qeyri-neft-qaz sektoruna yönəldilib. Azərbaycanın Almaniyadakı investisiyalarının həcmi isə 668 milyon dollardır. Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması qarşılıqlı sərmayə qoyuluşlarının daha da artmasına şərait yaradacaq”.
O bildirib ki, bu istiqamətdə addımlar artıq atılır:
“Çünki institusional baxımdan bəyanatın imzalanması və Biznes Şurasının yaradılması iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün kifayət qədər strateji addımlardır. Bununla yanaşı, xüsusilə Almaniyanın qeyri-neft sektoruna investisiyalarının və müasir texnologiyalarının cəlb edilməsi üçün sahibkarlar arasında əlaqələrin daha da gücləndirilməsinə ehtiyac var. İki ölkə arasında strateji əməkdaşlığın mövcudluğu biznes subyektlərinin daha sıx əməkdaşlıq etməsi üçün də əlverişli zəmin yaradır. Bu isə Almaniyadan Azərbaycana daha çox investisiyanın cəlb olunmasına təkan verə bilər. Ona görə də Prezidentin Almaniyaya səfəri çərçivəsində imzalanmış sənədlər birmənalı şəkildə deməyə əsas verir ki, bir tərəfdən 2026-cı ildə iki ölkə arasında ticarət dövriyyəsində artım qeydə alınacaq, digər tərəfdən isə sərmayə qoyuluşunda, xüsusilə də Almaniyadan Azərbaycana investisiyaların cəlb edilməsində irəliləyişlər olacaq. Əsas məqsəd Almaniyanın Azərbaycanın qeyri-neft sektoruna daha çox sərmayə yatırmasını təmin etməkdir. Bu isə texnologiya transferinə, yeni iş yerlərinin yaradılmasına, əlavə dəyərin formalaşmasına və ölkə iqtisadiyyatının inkişafına Almaniya investisiyalarının daha böyük töhfə verməsinə imkan yaradacaq”.
Aysel