1xeber.media xəbər verir ki, Böyük Britaniya kralı III Çarlz qarşıdan gələn ölkə səfəri zamanı oğlu şahzadə Harriyə Bukinqem sarayında qalmağı təklif edib.
Daily Star nəşrinin yazdığına görə, Harri iyul ayında baş tutan əvvəlki səfəri ərəfəsində atasının oxşar təklifini əvvəlcə rədd etmiş, daha sonra isə son anda qəbul etmək istəsə də, vaxtın azlığı səbəbindən buna imkan verilməmişdi. Saray nümayəndələri iqamətgahın qonağın qəbulu üçün hazırlanmasına kifayət qədər vaxt olmadığını bildirmişdilər.
Bu dəfə isə şahzadə Harri təklifi əvvəlcədən qəbul edib. Kral ailəsini izləyən ekspertlərin fikrincə, bu addım ata ilə oğul arasındakı münasibətlərin müəyyən qədər yaxşılaşdığını göstərə bilər.
Qeyd olunur ki, müşahidəçilər Harriyə edilən bu təklifi kralın xoş niyyətinin göstəricisi kimi qiymətləndirirlər.